Misli Premyer Liqasının III turunda keçirilən "Kəpəz" – "Turan Tovuz" (0:1) matçından sonra qonaqların baş məşqçisi Kurban Berdiyev mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə oyunun nəticəsini şərh etdi.

 

– Təəssüf doğuran məğlubiyyətdir. Əslində, bu qarşılaşmada ötən turlarla müqayisədə daha yaxşı oyun nümayiş etdirdik. Rəqib əlinə düşən tək fürsəti qola çevirə bildi. Bizim də çoxsaylı qol epizodları yaratdığımızı demək olmaz. Oyunumuzu daha da yaxşılaşdırmaq üçün düzgün nəticələr çıxarmalıyıq.

 

– Komandanın oyununda sizi ən çox narahat edən məqam nədir? 3 oyuna cəmi 1 qol vurmusunuz.

 

– Məni ən çox narahat edən məhz hücum xəttidir. Son oyunda Dioqo Balau zədə səbəbindən iştirak edə bilməmişdi. O, dünən ilk dəfə məşqə çıxdı. Digər hücumçularımız yox idi, Vadji da zədələnmişdi. Futbolda belə hallar olur. Düşünürəm ki, tezliklə hər şey öz qaydasına düşəcək.

 

– Rəqibin çıxışı haqqında nə deyə bilərsiniz?

 

– "Kəpəz"in oyunu çox xoşuma gəldi. Meydanda böyük istəklə mübarizə apardılar, azarkeş dəstəyi də möhtəşəm idi. Hər bir top uğrunda axıra qədər döyüşdülər.

 

– Balau və Rahil Məmmədov kimi oyunçularla çempion olacağınıza inanırsınız?

 

– Əlbəttə.

 

– Məğlubiyyətdən sonra azarkeşlər yenidən istefa şüarları səsləndirdilər. Mövsümün əvvəlində bu cür təzyiq və azarkeş narazılığı sizi narahat etmir?

 

– Xeyr, narahat etmir.

 

– "Kəpəz"in yeni istifadəyə verilmiş stadionu haqqında fikirləriniz necədir?

 

– Azərbaycanda belə modern stadionların tikilməsinə yalnız sevinə bilərəm. Ölkədə bu tip yeni və gözəl arenaların sayı nə qədər çox olsa, futbolun inkişafı üçün bir o qədər yaxşıdır.