Premyer Liqamızda çempionluq mübarizəsi gərgin şəkildə davam edir. Təsadüfi deyil ki, "Qarabağ"la "Neftçi" daha şərikli lider olmasalar da, aradakı xal fərqi cəmi 3-dü. Əslində, bürünc medal, avrokuboklara 4-cü vəsiqə, habelə, son pillədə olmamaq uğrunda da gərgin mübarizəyə şahidik. Bütün bunlarla bağlı XX turdan başlayaraq Səbuhi Səfiyarlının fikriləriylə görüşünüzə gəlirik. İşlədiyi "Neftçi", "İnter"lə (hazırkı "Keşlə") və "Qəbələ"ylə titullar, çoxsaylı mükafatlar qazanan, iki dəfə Avropa Liqasının qrup həyəcanını yasamış tanınmış futbol agentlərimizdən olan keçmiş həmkarımız yenə turdan öncə dəyərləndirmələr aparacaq, ehtimallarını irəli sürəcək. 

“Ötən həftə “Neftçi”nin xal itirməsi və fərqin açılmasından sonra çempionluq mübarizəsi əvvəlki kimi həyəcanlı görünmür. Fərq artdıqca rəqabət azalır. Psixoloji cəhətdən zəif olan komanda daha geri düşür. “Qarabağ” əvvəlki mövsümlərdə də üstünlüyünü bu yolla əldə edib. Çempionluğa oynamağa öyrəşmiş bir komanda üçün finişdə meydana çıxmaq və istədiyi nəticəni qazanmaq daha asan olur. Çünki onlar geri düşəndə də əminliklərini itirmirlər ki, fərqi aradan qaldıra biləcəklər. Axı, əvvəlki illərdə bunu bacarıblar. Və əksinə, ağdamlılarla mübarizə aparan komanda bu gərginliyi yaşayır, çünki “süvarilər” ötən illərdə mövsümün sonunda fərqi aradan qaldırıb və qızıl medala sahib çıxmaq bacarığını dəfələrlə sübut edib. Qurban Qurbanovun komandası bu psixoloji üstünlüyü illərin zəhməti hesabına əldə edib. İşlədiyim komandalarda da bunu görmüşəm ki, geri düşdükdə oyunçular arasında bir növ “çaxnaşma” yaranır. Söhbət ağdamlıların önə keçməsi həyəcanı və artıq onlara çatmağın mümkünsüz görünməsindən gedir. Bu amil fərqli psixoloji basqı yaradır. “Neftçi”nin baş məşqçisi Samir Abasovun da qeyd etdiyi kimi, komandanın üzərindəki təzyiq bir qədər fərqli formada özünü büruzə verməyə başlaya bilər. “Sabah”la görüşdəki xal itkisi çempionluq mübarizəsində ciddi zərbə oldu.

Bu gün “ağ-qaralar” “Keşlə”ylə oynayır. Bu rəqib çempionatın son bölümündə qarşısına ciddi məqsəd qoymayıb. 1-2 pillə aşağı-yuxarı həlledici deyil. “Keslə" üçün mövsümdə bir vacib oyun qalıb - Kubokun finalı.  Bu da komandanın motivasiyasına təsirini göstərəcək. “Neftçi” isə əksinə, bu matçda motivasiyalı olacaq. Axı, tərəzinin gözündə çempionluq şansı var. Psixoloji durumun komandaya necə təsir edəcəyini demək çətindir. Çünki komandanın ruhunu daxildəki funksionerlər daha yaxşı bilər. Ancaq bütün hallarda, “Neftçi” qələbə qazanmalıdır. Çünki əks təqdirdə çempionluq şansları demək olar ki, qalmayacaq. Hesab edirəm ki, bu gün “Neftçi” qalib gələcək. 

Elə “Qarabağ” da gözəl anlayır ki, mövsümün bu çağında xal itkilərinin yerini doldurmaq mümkün olmur. Ağdamlılar qalib gəlmək üçün bütün güclərini ortaya qoyacaqlar. Kubokda biz fərqli “Qarabağ” izlədik. Komanda çempionatda başqa cür oynayır. Aşkar sezilir ki, əsas məqsəd çempionluqdu və bununla da Çempionlar Liqasındakı iştirakı təmin etməkdir. Bu baxımdan “süvarilər”in daha motivasiyalı olacağını düşünürəm. Doğrudu, “Zirə” qapanmağı bacaran və xoşlayan komandadı. Ancaq Rəşad Sadıqovun komandasında Kubokdakı məğlubiyyətdən sonra müəyyən ruh düşkünlüyü də müşahidə oluna bilər. Bəli, “Zirə” bürünc medal uğrunda mübarizə aparır. Amma tərəzinin gözündə “Qarabağ”ın çempionluq mübarizəsi daha ağır gəlir. 

Hesab edirəm ki, bu turda “Neftçi” fərqin açılmasına, “Qarabağ" isə azalmasına imkan verməyəcək və hər iki favorit turu 3 xalla başa vuracaq”.