"İcra başçımızla axırıncı görüşdə qeyd etdik ki, Gəncədə futbol başlayıb, yenidən istəyirik bu irsi davam etdirək, Gəncənin köhnə nüfuzunu bərpa edək. Burda həmişə futbol olub, Gəncə həmişə futbol şəhəri olub. Artıq akademiyanın tikintisi sürətlə davam edir, yekunlaşmaq üzrədi, bir neçə aya yekunlaşacaq. Bir qalır stadion məsələsi. Onu daim icra başçısının diqqətinə çatdırıq ki, Gəncədə yeni, müasir standartlara cavab verən stadion lazımdı". Bu fikirləri Sport24.az-a açıqlamasında "Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri deyib.
"Kəpəz" 4 ildən artıq fasilədən sonra Premyer Liqada çıxış edərək artıq Gəncəyə də qayıtsa da, şəhər stadionunun pis vəziyyətdə olması göz qabağındadı. Bunun üçün əsaslı təmir, yenidənqurma işləri lazımdı. İndi bütün gəncəliləri stadion məsələsinin həllini tapması maraqlandırır. Klub rəhbərini dinləyək: "Burda təmirin nə dərəcədə olmasını qiymətləndirə bilmərəm. Təmir məsələsini mütəxəssislər qiymətləndirə bilər. Mən desəm, bir az doğru olmaz. Bəlkə sökülüb yenidən tikilməlidi. Bizim fikrimiz, mənim fikrim odur ki, Gəncədə Gəncəyə uyğun, ona yaraşan yeni stadion tikilməlidi. Bilirsiniz ki, Gəncədə yeni idman sarayı tikilir,. Səhv eləmirəmsə, idman kəndi adlandırblar - orda kifayət qədər geniş ərazi var. Həmin məkanda Gəncəyə, "Kəpəz"ə yaraşan gözəl bir stadion inşa etsək, daha məqsədəuyğun olar. Biz - istər İdarə Heyətimiz, istər mən özüm bunu təklif edirik".
Nadiri hazırkı arenaya da toxunub: "İndiki stadionumuz isə təllim-məşq bazası olar. Burda gözəl yer var, hansı ki maşınların dayanması, ətraf mühit üçün geniş ərazidi. Gəncədə müasr standartlara cavab verən, 15-20 minlik yeni stadion tikiləcəyi halda, onun dolmasını nəzərdə tuturuq. Öziünüz da bilirsiniz ki, indiki stadion dolsa, texniki imkanları məhdud olan bir yerdə nə qədər problemlər yaranır".
Xatırladaq ki, "Kəpəz"lə yaşıd olan, 1959-cu ildə tikilərək istifadəyə verilən Gəncə şəhər stadionu hazırda qəzalı vəziyyətdə olduğundan, PFL orda tribunaların 1-ci yarusunun istifadə olunması (ancaq oturacaqlı hissəsi), yerli və qonaq komandanın azarkeşlərinin ümumi sayının 3 min nəfərdən artıq olmaması şərtilə oyunların keçirilməsinə icazə verib.
MEHMAN SÜLEYMANOV, Gəncə-Bakı