"Ümumilikdə komandada ab-hava yaxşıdı. Baş məşqçinin proqramına uyğun olaraq Antalyada təlim-məşq toplanışı keçdilər. Biz də onlara lazım olan şəraiti yaratdıq. Bəzi mövqelələr vardı ki. gözlənilən transferləri yekunlaşdırdıq. Beş yeni futbolçumuz olacaq mövsümün ikinci yarısında. Minimum imkanlardan istifadə edib maksimum nəticə göstəməyə çalışacağıq". Bu fikirləri Sport24.az-a açıqlamasında "Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri deyib.
Türkiyədə izlədiyi hazırlıq prosesinin dəyərləndirən klub rəhbəri yeni legionerləri incələyib: "Məlumdu ki, braziliyalı yarımmüdafiəçi Alessandro Pinheiro Martins Juniorla bizə bir az daha tez - hələ dekabrda qoşulmuşdu. Xorvatiyalı qapıçı Mario Mustapiç hələ bu mövsümün gedişində düşərgəmizdə olmuşdu, müəyyən ab-hava tutmuşdu. Təlim-məşq toplanışına yenidən qoşulandan məncə, adaptasiya ona bir az rahat oldu. Ola bilsin ki, son transferimiz Salif Sissyeə müəyyən vaxt lazım olsun. Çünki yeni qoşulub bizə və ona hər şey yenidi - həm yeni komanda, həm yeni ölkə, yeni çempionat".
Məlumdu ki, "Kəpəz"i afrikalı futbolçuları - Ahmed Ayzaya ilə Abdullahi Şuaybu viza probleminə görə Antalya toplanışına sonradan qoşuldular. Nadiri buna da toxunaraq ciddi problem yaratmayacağını hesab edir: "Onlar Gəncədə hazırlığa başlayanda qoşulmuşdu. Sonra qısa fasilə oldu və komanda Türkiyəyə yollandı. Onlar həmin vaxt gedə bilmədiklərindən 2-3 gün ləngimə oldu. Bu müddətdə baş məşqçinin tapşırığına əsasən hazırlıqlarını davam etdirmişdilər. Biz də öz tərəfimizdən çalışdıq ki, bütünü gücümüzü viza məsələsinin həllinə yönəldək və tez bir zamanda qoşulmalarına şərait yaratdıq".
Misli Premyer Liqa təmsilçilərindən Antalyada keçiriləbn yoxlama matçlarında ən yaxşı nəticə göstərən məhz gəncəlilər oldu. Klub rəhbəri bunda pozitivlik görür: "İstənilən halda, qələbə gözəldi - yoldaşlıq görüşü olsa belə. Düzdür, bunları çempionat matçları ilə bir tutmaq düzgün olmaz. Amma komandanın özünə, kollektiv şəkiildə özlərinə güvəni daha da artır. Xarici rəqiblərlə görüşürsən və uğurlu nəticə olanda, istər-istəməz özünəinam daha da artır".
Qış fasiləsinə 9-cu pillədə yollanan "Kəpəz" Azərbaycan Kubokundan kənar qalıb. Bəs, eləsə gəncəlilərin cari mövsümün ikinci yarısında hədəfi nə olacaq? Premyer Liqada yerini qorumaq, yoxsa..? Nadiri buna cavab olaraq deyib ki, qışdan sonra müəyyən bir hədəfləri var: "Çalışacağıq ki, lazımı xalları toplayaraq həmin hədəfə çataq. Bu, indiki mövqeyimizdən yuxarı pillədə olmaqdı. Buna çatmağa səy göstərəcəyik. Ən azından komandamızın gücünü çempionatda göstərməlyiik. Daha real saysaq, 6-cı yer uğrunda mübarizə aparacağıq".
Xatırladaq ki, "Kəpəz" hazırda 6-cı pillədə olan digər Qərb təmsilçisi "Turan Tovuz"dan 5 geri qalır.
MEHMAN SÜLEYMANOV