Misli Premyer Liqasının VII turunda səfərdə "İmişli"ni 2:0 hesabı ilə məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə Azərbaycan çempionatlarında klub tarixinin 1000-ci oyununa təsadüf edən vacib qələbə barədə fikirlərini bölüşdü:

 

– Axşamınız xeyir olsun. Futbolçularımı təbrik edirəm, bizim üçün çox vacib qələbə idi. Meydanda əziyyət çəkdilər və sonadək intizamlı oyun nümayiş etdirməyə çalışdılar. Bu, bizim üçün həddən artıq əhəmiyyətli idi, çünki qarşımızda sıx və kompakt müdafiə olunan yaxşı bir rəqib var idi. Belə matçlarda səbrli olmaq lazım idi və futbolçularım bunu bacardılar. Həmçinin azarkeşlərimizi də xüsusi təbrik etmək istəyirəm. Klubumuz üçün çempionat çərçivəsində 1000-ci oyunu oldu. Bəlkə də fanatlarımız arasında elələri var ki, həmin 1000 qarşılaşmanın hər birində tribundadırlar. Onlara təşəkkürümü bildirirəm. Çox şadam ki, tarixi matçda qalib gələrək onların çəkdiyi əziyyəti dəyərləndirə bildik. İnşallah, qarşıdakı oyunlara daha böyük ciddiyyətlə hazırlaşacağıq. Rəqib komandaya və baş məşqçi Fərid Namazova növbəti turlarda uğurlar arzulayıram.

 

– Milli fasilədən sonra komandaya yeni qoşulan və zədədən qayıdan futbolçuların bərpa və adaptasiya prosesi necə gedir?

 

– Hələ ki tam hazır olduqlarını demək olmaz, müəyyən çatışmazlıqlarımız var. Çünki 20 günə yaxın bir müddətdə futbolçularımızın böyük bir qismi komandadan ayrı düşmüşdü, zədəli oyunçularımız var idi. Lakin hər biri istək və məsuliyyətlə məşq edir. Yüksək idman formasını tam bərpa etmək və yenidən ritmə uyğunlaşmaq üçün bir qədər də zamana ehtiyac var. Hər bir halda onların yanaşmasından razıyam, çünki kənardan həvəsli olduqlarını və komandaya kömək etmək istədiklərini aydın görürəm.