"Kəpəz" klubunun rəhbərliyi Misli Premyer Liqasının 23-cü turunda maraqlı addım atıb.
Sport24.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi səfərdə "Zirə" ilə heç-heçə etdiyi oyundan sonra futbolçulara mükafat verib.

Klub rəhbərliyi həmin qarşılaşmadakı nəticəni nəzərə alaraq oyunçulara "premiya" ayırıb. Bu qərar isə futbolçular üçün müəyyən mənada sürpriz olub. Belə ki, "sarı-göylər" indiyədək yalnız qələbələrə görə mükafat alıblar.

Buna baxmayaraq, "Zirə" ilə görüşdə qazanılan bir xala görə əsas heyət üzvlərinə 1500 manat veriləcək. Oyuna sonradan daxil olan futbolçular bu məbləğin 75 faizini, qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirənlər isə yarısını alacaq.

Qeyd edək ki, "Kəpəz" səfərdə "Zirə" ilə 2:2 hesablı heç-heçə edib. Gəncə təmsilçisi qələbəni son anda, 90+7-ci dəqiqədə əldən verib.