Misli Premyer Liqasında uğursuz nəticələrin fonunda "Kəpəz" daxilində böhran daha da dərinləşir. Sport24.az-ın əldə etdiyi məlumata görə, son turlarda alınan məğlubiyyətlərin ardından bu dəfə diqqət rəhbərliyin atdığı addımlara yönəlir.
Klub daxilindən əldə etdiyimiz məlumata əsasən, rəhbərlik postunu qorumaq üçün aktiv hərəkətə keçib.
Xüsusilə İdarə Heyətinin sədri Adil Vəliyev növbəti mövsüm üçün radikal dəyişikliklərə getmək əvəzinə, mövcud vəziyyəti saxlamaq xəttini seçib. Onun planına əsasən, büdcənin ən yaxşı halda hazırkı səviyyədə qalması nəzərdə tutulur.
Bu yanaşma isə azarkeşlərin gözləntiləri ilə ziddiyyət təşkil edir. "Sarı-göylər"in tərəfdarları komandanın güclənməsi üçün maliyyə artımını və heyətdə ciddi yenilənməni zəruri saydığı halda, rəhbərliyin konservativ mövqeyi faktiki olaraq inkişaf perspektivlərini məhdudlaşdırır. Mövcud heyətin böyük hissəsi ilə davam etmək planı isə uğursuz nəticələr fonunda suallar doğurur.
Hazırda turnir cədvəlində 28 turdan sonra 21 xalla 10-cu pillədə qərarlaşan "Kəpəz" üçün bu strategiya riskli görünür. Nəticələrin ortada olduğu bir vaxtda eyni resurs və eyni heyətlə növbəti mövsümə ümid etmək daha çox status-kvonu qorumağa hesablanmış addım təsiri bağışlayır.
Aydın görünür ki, klub daxilində problem təkcə meydandakı oyunla məhdudlaşmır. Rəhbərliklə texniki heyət arasında yaranan gərginlik, üstəlik strateji baxışın olmaması "Kəpəz"i çıxış yolu çətin görünən bir vəziyyətə salır. Bu şəraitdə dəyişikliklər qaçılmaz görünsə də, hazırkı addımlar əksini deməyə əsas verir.