"Sumqayıt" Futbol Akademiyasında vəziyyət nəzarətdən çıxıb. Sport24.az-ın klubdaxili mənbədən əldə etdiyi məlumata görə, akademiyada bir sıra ciddi problemlər yaşanır.

 

U-19 komandasının baş məşqçisi Tural Rzayev artıq neçənci dəfədir məşqlərdə iştirak etmir. Onun əvəzinə meydana çıxan Hikmət Hüseynov isə üzərinə düşən məsuliyyətin öhdəsindən gələ bilmir. Və bu üzdən U-19-un məşqlərində özbaşınalıq yaşanır. Oxşar vəziyyət aşağı yaş qruplarında da müşahidə olunur.

 

Bununla yanaşı, bu yaxınlarda  akademiyada qandondurucu insident də qeydə alınıb. Məşqçi Zahir Əsgərov valideynlərdən biri ilə əlbəyaxa davaya çıxıb. Və bunun nəticəsində onun qolu qırılıb. Baş verən hadisə akademiyadakı ümumi nizam-intizamla bağlı sualları artırıb. Bu bir daha onu göstərir ki, "Sumqayıt" Futbol Akademiyasında xaos hökm sürür.

 

Akademiyaya rəhbərlik edən Hakan Sünal üçün klub tərəfindən lazımi şərait yaradılıb. Buna baxmayaraq, mövcud problemlər idarəetmədə ciddi çatışmazlıqların olduğunu göstərir.

 

Digər tərəfdən, "Sumqayıt"ın prezidenti Riad Rəfiyev akademiyanın inkişafı üçün zəruri addımlar atıb və atır. Məşq meydançalarının qurulması və komandaların texniki invertarla təmin olunması, ölkə xaricində təşkil olunan turnirlərə yollanması daim Rəfiyevin maraq dairəsindədir. Təəssüf ki, Hakan Sünal kimi funksiyanerlər rəhbərliyin etimadından sui istifadə edərək işinə laqeyd yanaşır, boş yerə şəxsi büdcəsini artırır. 


P.S. Hazırkı vəziyyət isə göstərir ki, yaradılan imkanlardan səmərəli istifadə olunmur və akademiyada vəziyyət istənilən səviyyədə deyil.