"Kəpəz"in qapıçısı Məmməd Hüseynov "İmişli" ilə keçirilən oyunun 26-cı dəqiqəsində baş verən bədbəxt hadisə ilə bağlı açıqlama yayıb. Sport24.az xəbər verir ki, o, sosial şəbəkə hesabında etdiyi paylaşımda epizodun detallarına və qarşı tərəfə münasibətinə aydınlıq gətirib.
Futbolçunun sözlərinə görə, hadisə anında topa qaçarkən sol baldır əzələsi yırtıldığı üçün nəzarəti tam itirib və nəticədə toqquşmadan qaça bilməyib:
"Əzələm yırtıldıqdan sonra kəskin ağrının təsiri altında idim və anlıq zaman ərzində kontrolu tamamilə itirdim. Nə özümü dayandıra, nə də topa düzgün müdaxilə edə bildim. Həmin anda çəkilən fotoda da üz ifadəmdə ağrını və çarəsizliyi görmək mümkündür".
Məmməd Hüseynov həmkarı Vüsal Qənbarovla dostluq münasibətlərinin olduğunu vurğulayıb və hadisənin bilərəkdən baş vermədiyini qeyd edib:
"Heç kim bilərəkdən belə bir müdaxilə edib karyerasını təhlükəyə atmaz. Mənim Vüsalla dostluğum var və heç vaxt istəməzdim ki, belə bir şey baş versin. Sadəcə əzələmın yırtılması bu hadisənin qarşısını almağıma imkan vermədi".
Qapıçı həmkarına şəfa diləyib, həm komanda yoldaşlarından, həm də azarkeşlərdən üzr istəyib:
"Vüsal Qənbarova Allahdan şəfa diləyir, ən tez zamanda güclü şəkildə meydana dönməsini arzulayıram. Komandamı meydanda tək qoyduğuma və məğlubiyyətimizdə payım olduğuna görə bütün komanda və azarkeşlərimizdən üzr istəyirəm. Kaş ki, bütün bunlar heç yaşanmasaydı".
Qeyd edək ki, qarşılaşma "Kəpəz"in 0:3 hesablı məğlubiyyəti ilə bitib.