"Kəpəz"in futbolçusu İlkin Qırtımovun Sport24.az-a müsahibəsi 

 

- Misli Premyer Liqasının 33-cü turunda səfərdə "Neftçi" ilə heç-heçə (2:2) etdiniz. Matçla bağlı nə deyə bilərsən?

- Görüşün bizim üçüm çətin keçəcəyini əvvəlcədən bilirdik. Birinci hissə ağır oldu. Bəzi məqamlarda topu özümüzdə saxlamaqda çətinlik çəkdik. İkinci hissədə isə tam fərqli idi. Bunu bacardıq.   


- Qələbə qazanmağa yaxın idiniz. Səncə, buna nə mane oldu? 

- Hesabda önə keçməyi bacarsaq da, sonadək qoruya bilmədik. Görüşün sonlarında qapımıza 11 metrlik cərimə zərbəsi təyin olundu. Bu cür penaltinin verilməsi nə dərəcə doğrudur? Bilmirəm. Amma ən azından 1 xal əldə etdik. 


- Çempionatdakı dörd oyundan cəmi birində "Neftçi"yə məğlub olmusunuz. 2 qələbəniz və 1 heç-heçəniz var. Bu komanda ilə oyuna əlavə motivasiya ilə çıxırsınız? 

- "Neftçi" ilə matçlarımız yaxşı alınır. Bu komanda ilə oynayanda əlavə motivasiyaya ehtiyac yoxdur. Biz hər qarşılaşmaya qələbə üçün çıxırıq. Bu oyunda da belə idi. 


- "Kəpəz" sona üç tur qalmış hələ də çempionatda qalmağı rəsmiləşdirməyib. Səncə, nələrsə, dəyişə bilərmi? 

- Sonadək mübarizə aparacağıq. "Səbail"ə yox, ilk olaraq öz oyunlarımıza köklənməliyik. Əlbəttə, bu, futboldur. Hər şey ola bilər. İşimizi şansa buraxmamalıyıq. 


- 34-cü turda "Sumqayıt"ı qəbul edəcəksiniz. Qələbə qazanaraq bütün suallara aydınlıq gətirə bilərsiniz. 

- Bu matç da çətin olacaq. Psixoloji olaraq hazır olmalıyıq. Hər nə olursa olsun bu qarşılaşma qalib gəlmək üçün əlimizdən gələn hər şeyi edəcəyik. 


- Mövsümün sonunda "Kəpəz"lə müqavilən başa çatır. Yeni sözləşmə təklif olunubmu?

- Sözləşməm bitir. Amma bu barədə danışmaq tezdir. Üç matçımız qalıb. Çempionatda qalmaq missiyamızı yerinə yetirək, üzərimizə düşən yerinə edək yəqin ki, sonra hər şey yaxşı olacaq.