"Azər Bağırovun "Kəpəz" klubundan ayrılmasına münasibətim normaldır. Yəqin ki, hansısa məsələdə tərəflər razılığa gələ bilməyiblər". Bu sözləri Sport24.az-a açıqlamasında Vidadi Rzayev deyib.

Veteran futbolçu "Kəpəz"in baş məşqçisi Azər Bağırovun komandadan ayrılmasına münasibət bildirib:

"Onsuz da heç bir məşqçi və ya futbolçu klubdan üstün deyil. Klub həmişə yaşayacaq. "Kəpəz"də yeni baş məşqçinin kim olacağı maraqlıdır. Vaxtilə Tərlan Əhmədov komandada işləyərək öz işinin öhdəsindən gəlmişdi. Azər Məmmədov uğursuz oldu, Adil Şükürov isə komandanı Premyer Liqada saxladı. Ardıcıl saysaq, siyahı çox uzanar. İllərdir eyni ssenari təkrarlanır və bunun əsas səbəbi klub rəhbərliyidir. Bu mövsümün əvvəlində 12 legioner transfer edildi, amma onların 6-sı özünü doğrultmadı. Halbuki Azər Bağırov komandanı əvvəldən özü komplektləşdirib işləyə bilərdi. Belə vəziyyətdə məşqçinin işi də çətinləşir. "Neftçi" də oxşar durumdadır. Şükür etsinlər ki, Yuri Vernidub komandaya gətirildi. Ukraynalı mütəxəssis "Neftçi"ni toparlamağı bacardı. Yoxsa klubun vəziyyəti daha da acınacaqlı ola bilərdi".

Qeyd edək ki, "Kəpəz"in hazırkı baş məşqçisi Azər Bağırov sonuncu turda "Neftçi" ilə oyundan sonra klubla vidalaşacaq.