"Kəpəz" yenidən baş məşqçi axtarışını yekunlaşdırdı və bu dəfə seçim Azər Məmmədovun üzərində dayandı.
Amma sual budur: bu təyinat nə qədər davam edəcək?
Gəncə təmsilçisinin son illərdəki fəaliyyətinə baxanda belə görünür ki, problem baş məşqçilərdə deyil, klubun öz idarəçilik modelindədir. Azər Məmmədov təyin olunana qədər serbiyalı Zoran Vasilyeviç, Mahmud Qurbanov və Arif Əsədovla danışıqlar aparılıb. Lakin onların heç biri ilə razılıq əldə olunmayıb. Nəticədə növbə Azər Məmmədova çatıb.
Əslində isə bu təyinatın uğurlu olub-olmayacağından daha çox, onun nə qədər davam edəcəyi maraq doğurur. Çünki "Kəpəz"də baş məşqçilərin uzunömürlü olması artıq istisna hal hesab olunur. Klub hər mövsüm yeni layihədən, yeni hədəflərdən danışır, amma sonda yenə eyni mənzərə ortaya çıxır: baş məşqçi dəyişir, nəticələr dəyişmir.
Azər Məmmədovun məşqçi karyerasında böyük uğurlar yoxdur. O, 2023-cü ildə də qısa müddət "Kəpəz"də çalışıb. Bu dəfə ona daha böyük etimad göstərildiyi deyilir. Amma son illərin təcrübəsi göstərir ki, Gəncə klubunda etimadın ömrü uzun olmur.
Maraqlıdır ki, "Kəpəz" Premyer Liqada qalmaq uğrunda mübarizə aparır və bu vəzifənin öhdəsindən gələn məşqçilər belə bir müddət sonra komandadan göndərilir. Belə olan halda hansı mütəxəssis uzunmüddətli layihə qurmağa həvəs göstərə bilər?
Azərbaycan futbolunun köklü klublarından biri olan "Kəpəz" illərdir inkişaf etmək əvəzinə yerində sayır. Komandanın məqsədi avrokuboklar və ya yüksək yerlər uğrunda mübarizə deyil, sadəcə elitada qalmaqdır. Bu hədəf yerinə yetiriləndə belə növbəti mövsüm yenidən hər şey sıfırdan başlayır.
Azər Məmmədovun uğur qazanıb-qazanmayacağını zaman göstərəcək. Ancaq indidən demək olar ki, onun qarşısındakı ən böyük problem rəqiblər deyil. Əsas problem "Kəpəz"də illərdir dəyişməyən qeyri-sabitlikdir. Bu qeyri-sabitlik aradan qaldırılmasa, sabah Azər Məmmədovun yerinə başqa bir məşqçinin gətirilməsi də heç nəyi dəyişməyəcək.