"Mənə "Səbail"də qalmaq təklifi olunub. Sadəcə, yeni müqaviləyə bağlı danışığımız olmayıb. Gözləyirəm ki, Bakıya gələndən sonra bunu edim. Hələliksə rayonumuzda - Qusarda istirahət edirəm". Bu fikirləri Sport24.az-a açıqlamasında "Səbail"in kapitanı Rahid Əmirquliyev bildirib.

Təcrübəli yarımmüdafiəçinin sözlərinə görə, onu komandaya dəvət edən baş məşqçisi, müqaviləsini uzadan Aftandil Hacıyev yenə sərəncamında görmək istəyir: "Aftandil müəllim dedi ki, qalıram komandada, istəyərdim sən də qalasan. Mən də buna müsbət yanaşıram. Sadəcə, hələ görüşüb müqavilə məsələsini danışmamışıq. Əlbəttə, klubda maddi sıxıntılar var. Ancaq futbolda belə şeylər olur. Məncə, yeni anlaşmayla bağlı razılıq əldə etməyimizdə problem olmaz. İstəyərdim "Səbail"də qalım. Çünki burda daim oynayıram, bu sarıdan özümü rahat hiss edirəm. Ancaq məsələnin başqa tərəfi də var ki, bu, malliyə cəhətiylə bağlıdı. Dəqiq qərarı görüşəndən sonra verəcəyik".

32 yaşlı Əmirquliyev başqa klublardan real təklifinin olmadığını da gizlətmədi: "Həmişə belə olub. gənc futbolçu olanda təkliflərin çox olur. Ancaq indi bu baxımdan səssizlikdi. Azərbaycanda belə də, 32 yaşında artıq "qoca" sayılırsan. Avropada baxırsan ki, 35 yaşında oynayır təklifləri olur. Bizdə isə futbolçunun yaşı 30-u keçəndə ona "qoca" sayaraq maraq göstətmirlər. İstənilən halda, hələ  ki karyeramı bitirmək haqda düşünmürəm. İnşallah, oynamağa hələ gücüm var. Əsas odu ki, zədədən uzaq olaq".

Xatırladaq ki, Rahid 2018-ci ilin yayından "Səbail"də çıxış edir.  

 

 

MEHMAN SÜLEYMANOV