"Şamaxı"nın qapıçısı Kamal Bayramov Sport24.az-a müsahibə verib.

- Komandanızın cari mövsümdəki çıxışını necə dəyərləndirirsən?
- Mövsümə yaxşı başlamışdıq. İkinci dövrədə müəyyən səbəblərdən düşüş oldu. Heyətimiz geniş deyildi, bir neçə oyunçumuz zədə və cəza ilə üzləşdi. Qış fasiləsində yeni futbolçular transfer edilib. Düşünürəm ki, bizə faydaları olacaq.

 

- "Şamaxı"nın hədəfi? 
- Bəli. Bu barədə mövsümün əvvəlində məlumat verilmişdi. Premyer Liqada möhkəmlənmək istəyirik.

 

- XX turda evdə "Zirə"yə 1:2 hesabı ilə uduzdunuz. Səncə, məğlubiyyətə əsas səbəb nə oldu?
- Oyun baxımından yaxşı mübarizə apardığımızı düşünürəm. Ən azından bir xala da layiq idik. Qol şanslarımız da oldu. Amma sonluğu gətirə bilmədik. Buraxılan qollarda isə fərdi səhvlər etmişdik. Bir daha təkrarlayıram, yeni transferlərimiz var. Daha keyfiyyətli olmağa çalışacağıq.

 

- XXI turda "Neftçi"nin qonağı olacaqsınız. Rəqib də yaxşı durumda deyil. Bu matç haqqında nə düşünürsən?
- "Neftçi" səfəri hər kəs üçün ağır olur. Böyük klubdur. Çempionatımızda hər komanda digər rəqiblərindən xal ala bilər.

 

- Cari mövsüm "Şamaxı"nın heyətində yalnız kubok oyununda meydana çıxmısan. Bunun səbəbini nədə görürsən?
- Burada böyük düşünüləsi, baş sındırılası bir şey yoxdur. Sadə məsələdir, Rikardo Fernandes Premyer Liqada sabit çıxış edən qapıçılardan biridir. Bu gün ona göstərilən etimadı doğruldur. Onun da oynaması normaldır.