"İmişli" Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Qaradağ Lökbatan"ı 3:2 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Sport24.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya matçdan klubun mətbuat xidmətinə açıqlama verib:

 

"Bu, əsl kubok oyunu idi. Komandamız matça yaxşı başladı, erkən mərhələdə iki real qol imkanı yaratdıq, lakin bundan yararlana bilmədik. Rəqib isə çox şübhəli qərardan sonra təyin olunan penalti ilə hesabı açdı. Bu epizod komandada müəyyən gərginlik yaratdı və bir müddət təmkinimizi qorumaqda çətinlik çəkdik. Fasiləyə qədər hesabı bərabərləşdirməyə çalışsaq da, alınmadı.

 

İkinci hissədə etdiyimiz dəyişikliklər oyuna yeni nəfəs gətirdi. Yaradılan qol imkanları çox idi, lakin top bir müddət sanki qapıya girmək istəmirdi. Buna baxmayaraq, sona qədər mübarizə apardıq və 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazandıq.

 

Xüsusilə "Qaradağ Lökbatan" komandasının oyununu qeyd etmək istərdim. Onlar da sona qədər mübarizə apardılar və layiqli rəqib oldular".