İsveçdə çıxış edən azərbaycanlı futbolçu Ayxan Cabbarlı yeni kluba keçib. Belə ki, məşhur "Höteborq"a məxsus, bu klubun gənclər komandasının üzvü olan 18 yaşlı hücumçu karyerasını II Divizion təmsilçisi "Savedalen"də davam etdirəcək. Ayxan bu klubla 2 illik müqavilə imzalayıb.
2003-cü il təvəllüdlü Ayxan 6 yaşından futbolla məşğuldu. O, ilk addımlarını Azərbaycanda ataraq "Bakı" və "Neftçi"də məşq edib. 2012-ci ildən ailəsiylə İbirgə İsveçə köçən Cabbarlı bir neçə klubda forma geyinib. "Höteborq"un Futbol Akademiyasında təhsil alan həmyerlimiz bu klubun U-17 və U-19 komandalarında çıxış edib.
Ayxan bir vaxtlar Azərbaycan yığmasının da üzvü olub. Brlə ki, o, 15 yaşında olarkən U-17 yığmamıza cəlb olunub. Cabbarlının vaxtilə "Tottenhem"də baxışda olmasını da vurğulayaq.
Ayxan Sport24.az-a açıqlamasında "Savedalen" seçimini belə izah edib: "Yaxşı təkliflərim var idi. Ancaq "Savedalen"in təklifi mənim üçün daha maraqlı görünürdü. Bu klubda özümü daha da yaxşı göstərə biləcəyimi düşündüm və müvafiq qərarı verdim. Burda üç həftə baxışda oldum. İsveçdə yüksək rəqabət var. Əsas komandaya düşmək çox çətindi. 17 yaşım var, komandada ən gəncəm. Ancaq kluba düşməyi bacardım və müqavilə imzaladım".
İstənilən halda, "Höteborq" məşhur klubdu, özü də təkcə İsveçdə yox. Maraqlıdı, Cabbarlı burdan getməyə qərar verməyində həlledici amil nə olub? "Bəli, "Höteborq" məşhur bir klubdur. Orda rahat qalıb bir il sonra əsas komandada oynaya bilərdim. Ancaq agentimlə düşündük və bəzi nüansları nəzərə alaraq, "Savedalen"ə keçməyə qərar verdim".
Burda əsas ağla gələn "Höteborq"da rəqabətin daha yüksək olması, məhz aşağı liqa təmsilçisinə keçməyə isə tramplin kimi baxmaqdı. Ayxanı dinləyək: "Sol cinah hücumçusu mövqeyində oynayıram. Yeni klubumda həmin mövqedə üç futbolçu var. Çalışacam əsas heyətdəki yerimi qoruyum. Məşqçilərlə belə razılaşdıq ki, müqaviləmin şərtləri bir ildən sonra başqa kluba keçməyimə imkan verəcək. İdman gimnaziyasında 3 il akademik təhsil almışam. Başqa təkliflər var idi, amma bu zaman təhsilimi yarımçıq qoymalı idim. "Savedalen" bir çox futbolçunu İsveç və Avropa klublarına satıb. Keçən il İsveç çempionuna iki oyunçu satdılar. Avropada belə klublar hər zaman diqqət mərkəzindədi. 2012-ci ildə ailəmlə İsveçə köçdük. Həmişə ölkəmi layiqincə təmsil eləməyə çalışdım və bunu bacardım. Burdakı bir çox insan məni tanıyır və hörmət edir. İsveçdə Azərbaycan klublarına azarkeşlik edənlərdən biri idim. Ümid edirəm ki, yaxın illərdə Avropada adımdan söz etdirən azərbaycanlı futbolçulardan olacam".
İndiyədək Azərbaycan klublarından təklifləri olmayan, bu işlə agentinin məşğul olduğunu vurğulayan Ayxan yenidən mllimizin formasını geyinmək istəyir: "Ölkəmi çox sevirəm, millinin formasını geyinmişəm. Bununla qürur duyuram. Bu hissi sözlə çatdırmaq olmur. Yenidən Azərbaycan yığmasından təklif gələrsə, niyə də yox? Çalışacam milliyə maksimal kömək edim".
MEHMAN SÜLEYMANOV