Bakıdakı isti hava "Sabah"la cavab matçında "Orhus"a müəyyən çətinliklər yarada bilər. Sport24.az xəbər verir ki, bunu "Orhus"un futbolçusu Tobias Bek "Sabah"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
O, görüşə qələbə üçün çıxacaqlarını bildirib:
"Hava istidir. Bu, bizim üçün əlavə çətinliklər yarada bilər. Fikrimcə, cavab matçında daha yaxşı çıxış etməliyik ki, növbəti mərhələyə çıxaq. Rəqibə pressinq etməliyik. Xırda düzəlişlər olmalıdır. Danimarka çempionatında bir neçə günlük fasilə oldu. Düşünürəm ki, bu, oyuna hazırlaşmaq üçün faydalı idi. Sabahkı matçda qələbə qazansaq, ən azı Avropa Liqasının pley-off mərhələsinə düşəcəyik. Bu, komandamız üçün tarixi bir nəticə olar. Bu, mənim üçün çox böyük uğurdur. Amma Çempionlar Liqasında əsas mərhələyə yüksəlməyə çalışırıq. Bu da çox böyük uğur olacaq".
Futbolçu Azərbaycan çempionunun oyununa da toxunub:
"Sabah"ın oyunu bizi təəccübləndirmədi. Çünki rəqiblərini qabaqlayaraq ölkə çempionu olub".
Qeyd edək ki, "Sabah" - "Orhus" matçı avqustun 11-də, saat 20:00-da "Bank Respublika Arena"da start götürəcək. İlk matçda Danimarka təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.