AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA-nın matç direktoru qismində Tbilisidə səfərdə olub. Sport24.az xəbər verir ki, UEFA tərəfindən ezam olunan Elçin Məmmədov avqustun 8-9-da Gürcüstanın paytaxtında olub.
Səfər çərçivəsində o, ötən mövsüm Gürcüstan çempionu olan "İberia" klubunun ev oyunlarını keçirdiyi Mixail Mesxi adına stadionu ziyarət edib.
Səfərin əsas məqsədi arenanın 2026/2027 mövsümündə UEFA klub yarışlarının liqa mərhələsinin oyunlarını qəbul etməyə hazırlıq səviyyəsini qiymətləndirmək olub.
Elçin Məmmədov həmçinin "İberia" klubunun nümayəndələri ilə görüş keçirib. Görüş zamanı ötən mövsümlə müqayisədə yeni mövsümdə tətbiq olunacaq qayda dəyişiklikləri müzakirə edilib.