"Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Ukrayna milliləri ilə başabaş oynaya bilər". Sport24.az xəbər verir ki, bunu "Report"a açıqlamasında 183 qolla Azərbaycan çempionatlarının bombardiri olan Nazim Əliyev deyib.
Sabiq hücumçu millinin qarşıdan gələn oyunlarını dəyərləndirib: "Ukrayna normal vəziyyətdə deyil. Bu rəqiblə başabaş oynaya bilərik. Həmçinin İslandiya yığması ilə də. Hər şey futbolçuların oyuna həm fiziki, həm də psixoloji cəhətdən hazırlığından asılıdır. Futbolçularla psixoloqlar işləməlidir. Bu, sovet dönəmində də olub. Futbolda güclü olmaqla deyil, psixoloji hazırlıq da vacibdir. Əvvəllər qrupda daha çox xallar yığırdıq. Bu il də belə olmalıdır. Düzdür, qrupdan çıxmaq çətindir. Amma futbolçular özlərinə inanmalıdırlar".
O, futbolumuzun inkişaf etdiyini bildirib: "Yığmaya namizəd oyunçuların azlığı, məhdud seçim çətinlik yaradır. Amma fikrimcə, futbolumuz inkişaf edib. Klublarımız yaxşı oynayır, mərhələ adlayırlar. "Qarabağ" çox gözəl nəticəyə imza atdı. Məncə, bu komandadakı azərbaycanlı futbolçuların hər birini milliyə dəvət etmək lazımdır".
Qeyd edək ki, yığma DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Reykyavikdə İslandiya, 9-da isə Bakıda Ukrayna ilə üz-üzə gələcək.