"Millinin qələbəsiz seriyasının davam etməsi hamını məyus edir. Hamımız yığmadan uğur gözləyirik. Təəssüf ki, hələ alınmır". Bu szöləri Sport24.az-a açıqlamasında İsgəndər Cavadov deyib.

 

Ölkə futbolunun tanınmış siması "uğursuzluğa görə kim məsuliyyət daşıyır" sualını belə cavablandırıb:

 

"Kimdi günahkar? Uğursuzluqda hamımızın payı var. Bu məsələdə bütün məsuliyyəti Fernandu Santuşun üzərinə atmaq düzgün olmaz. Bəli, nəticəyə görə hər yerdə baş məşqçi məsuliyyət daşıyır. Ancaq futbolçuları da unutmayaq. Meydana çıxan onlardır. Müasir futbolda keyfiyyət hər şeyi həll edir. Baş məşqçi komandanı oyuna taktiki cəhətdən hazırlayır və rəqibi təhlil edib lazımi tapşırıqlarını verir. Tapşırıqları meydanda reallaşdırmalı olan oyunçulardı. Latviya ilə matçda qol imkanlarımız olsa da, son nöqtəni qoya bilmədik. Bunu baş məşqçi və ya köməkçisi edəsi deyil ki... Və yaxud müdafiəçilərin fərdi səhvlərinə görə Santuşu asıb-kəsmək nə dərəcədə düzdür? Portuqaliyalının seçim imkanı da geniş deyil. Üzdə olan yerlilərin demək olar hamısını milliyə dəvət edib. Bu gün Santuşun əvəzinə "sükan arxasına" kimi də dəvət etsək, eyni futbolçularla işləməli olacaq".

 

Futbol veteranı qonşu ölkələrin uğuruna münasibət bildirməklə yanaşı, futbolumuzun problemlərindən də söz açıb: "Bu gün hamı Gürcüstan və Özbəkistanın qazandığı uğurlardan danışır. Sizi əmin edirəm ki, bizdə də istedadlı futbolçular var. Sadəcə, onları düz istiqamətləndirmək və işə düzgün yanaşmaq lazımdır. Yenə deyəcəklər ki, uğursuzluq olan kimi uşaq futbolu yada düşür. Nə qədər acı da olsa, bunu etiraf etməliyik ki, bu sahədə çatışmazlıq var. Bünövrə düzgün qoyulmalıdır. Uşçaq futbolu sahəsində çalışan məşqçilər hər gün üzərlərində işləməli, müasir futbolun tələblərinə uyğunlaşmalıdırlar. "Bu gün oxudum və kateqoriyam var" deməklə, iş bitmir".