Misli Premyer Liqasının XVII turunun "Turan Tovuz" – "Sumqayıt" oyunundan (2:1) sonra qonaq komandanın məşqçisi Veliçko Kaplanoviç jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…
– İlk hissəni çox pis keçirdik. Standart vəziyyətlərdə problemimiz oldu və rəqib bundan istifadə etdi. Ancaq onu da qeyd edim ki, bəzi epizodlarda bəxtimiz də gətirdi. İkinci hissədə yaxşı oynamağımıza baxmayaraq, oyunu dəyişə bilmədik. Birinci hissədə pis oynamağımıza baxmayaraq, Ramalinqom təkbətək epizod yaxaladı, amma vura bilmədi. Belə matçlarda iki hissədə də yaxşı oynamaq lazımdır ki, qələbə qazanasan.
– Müdafiədə və qapı xəttində problem var…
– Müdafiəçi gətirmişik. Problemi bilirik və müzakirələrimiz olub. Oyunçu tapmaq asan deyil. Bu işləri davam etdirməli, yaxşı oyun göstərməliyik.
– Rüstəm Əhmədzadənin yoxluğu sistemə necə təsir etdi?
– Bəli, problemlər yarandı. Amma nə edə bilərik? Sarı vərəqə cəzalısı idi.
– Fasilədə Saşa İliç hansı tapşırıqları verdi?
– İlk hissədə niyə oynaya bilmədiyimizi anlamırıq. Hazırladığımız oyun ikinci hissədəki idi. Lakin hər dəfə "Turan Tovuz"un standart vəziyyətləri problemlər yaradırdı və reaksiya verə bilmirdik. Düzü, səbəbi bilmirəm. İlk hissədə niyə belə oldu, bilmirik.
– Tapşırıqlar yetərli deyildi, ya icraçılar düzgün yerinə yetirmirdi?
– Ola bilər ki, fasilədən sonra adaptasiya üçün vaxt lazım olsun. Amma dəqiq cavab verə bilmirəm. Rəqib autlardan da təhlükə yarada bilirdi.
– Aleksa Yankoviç sonradan oyuna daxil oldu və dinamika artdı. Onu ilk hissədə meydana buraxmadığınız üçün peşmansınız?
– Yankoviç bizimçün vacib oyunçudur. 7 gün idi, məşq etmirdi. Səbuhi Abdullazadənin də sağlıq durumu yaxşı deyil. Bir də, Rüstəmin də yoxluğunu qeyd etmək lazımdır. "Turan Tovuz"a qarşı itkilərlə çıxmaq problem yaradır. Onlar ikili mübarizədə çox güclüdürlər.
– Yeni transfer Beskorovoyni bildiyimizə görə, formasından çox uzaqdır.
– Komanda ilə cəmi 2 məşqə çıxıb. Bugünkü oyuna hazır ola bilməzdi. Ümid edirəm ki, bizə kömək edə bilər.