“Neftçi”ni baş məşqçi Adrian Mutuya görə seçdim. Əvvəllər “Sepsi”nin heyətində Rumıniya çempionatında Mutunun komandasına qarşı oynamışam. Ola bilsin ki, məni unutmayıb". Sport24.az xəbər verir ki, bu fikirləri “Neftçi”nin macarıstanlı futbolçusu Mark Tamaş öz ölkəsinin mətbuatına müsahibəsində deyib.

30 yaşlı müdafiəçi yay fasiləsində “Sepsi”dən “ağ-qaralar”a keçidi haqda danışaraq, sabiq komandası “Şlask”ın da onu istədiyini diqqətə çatdırıb: "Amma polşalıların təklifi rəhbərliyin ürəyincə olmadı. Həyat yoldaşım, kiçik qızım və iki itimizlə birlikdə Bakıya köçdük. “Neftçi”ni gələcək üçün böyük fürsət saydığıma görə seçimi bu komandanın xeyrinə etdim. “Qarabağ”ın səviyyəsinə çata bilərik”.

Legioner Bakıda yaşamağın onlar üçün çətin olmadığını vurğulayıb: “Şəhərin kənarından ev aldıq. Sakit və təmiz yerdi. Uşaq bağçası ingilis dilində olduğu üçün qızımızın uyğunlaşmağında problem yoxdu. Gələn il burda ibtidai məktəbin 1-ci sinfinə uyğun gələn 3cü qrupa başlayacaq. Azərbaycan xalqı çox mehribandı. Dini Avropadakı adətlərdən tam fərqli olsa da, açıq və yardımsevərdirlər".

Tamaş Azərbaycan mətbəxini Türkiyə mətbəxinə bənzədib: "Amma mədəm quzu ətini çox sevmir. Klub bizə həftədə bir dəfə adi toyuq və balıq menyusundan yayınmağa imkan verir. Bu, mənə kifayət edir. Bakıda hələ də macar restoranı tapmamışam. Burda yaşayan çox macar tanımıram”.

Komandasının bu yay avrokuboklarda keçirdiyi matçları dəyərləndirən təcrübəli futbolçu çempionat görüşlərinə çox tamaşaçı toplaşmadığını, böyük oyunlarda və qitəmiqyaslı oyunlarda dolu tribunalar önündə oynaya bildiklərini söyləyib: "Təəssüf ki, Konfrans Liqasından kənarlaşdırıldıq. “Jelezniçar”ı keçdikdən sonra daha yaxşı nəticəyə ümid edirdim. Sonrakı mərhələdə “Beşiktaş”a öz meydanımızda 1:3 hesabı ilə uduzduq. Türkiyədəki cavab matçının birinci hissəsindən sonra hesabda öndə idik. Hətta mərhələ keçəcəyimizə də inanırdım. Lakin fasilədən sonra rəqibin heyətində Vensan Abubakar və Amir Haciahmetoviç meydana çıxdılar. Biz də yorğun görünürdük və iki qol buraxdıq”.

Mərkəz müdafiəçisi Premyer Liqanın son turunda “Araz-Naxçıvan”a 0:1 hesabı ilə məğlub olduqları qarşılaşmanı buraxmasına da aydınlıq gətirib: “Qaydalara görə ən azı 4 azərbaycanlı oyunçu meydanda olmalıdır. Müxtəlif zədələrə görə bu dəfə qaydaya əməl etməyin yeganə yolu kənarda qalmağım idi. Ümid edirəm ki, lider “Zirə”ylə növbəti turdakı görüşdə iştirak edə biləcəm. Ümumiyyətlə, Azərbaycan çempionatında eyni gücə malik 4-5 komanda var. Əksəriyyəti qapalı müdafiə olunur və əks-hücumlardan qol vurmağa çalışır”.

Qeyd edək ki, Mark “Neftçi” ilə 2 illik müqavilə bağlayıb.