"Füzuli"nin II Liqanı tərk etməsi hamımızı üzdü. Liqada qalmaq üçün kollektiv olaraq çox çalışdıq. Təəssüf ki, sonda bacarmadıq". Bu sözləri Sport24.az-a açıqlamasında Elgün Abbaslı deyib.

İkinci Liqanı tərk edəcəyi dəqiqləşən "Füzuli"nin futbolçusu yaşananları belə şərh edib:  

"Demək olar, bütün oyunlara xal üçün, qələbə üçün çıxdıq. Qələbə qazandığımız, xal aldığımız matçlar da oldu. Lakin bu da yetmədi. Uğursuzluğun səbəbləri barədə çox danışmaq istəmirəm. "Problemlər yoxdur" demək də düzgün olmaz. Biz futbolçuyuq, işimiz meydandadır, qalan məsələlər isə artıq klub rəhbərliyinə aiddir.

 

Abbaslının "Füzuli"nin fəaliyyətini dayandıracağına münasibəti isə belə olub:

"Komandanın gələcək fəaliyyətini hansı istiqamətdə quracağı ilə bağlı heç nə deyə bilmərəm. Klub rəhbərliyinin səlahiyyətində olan mövzudur və mənim bu barədə danışmağım doğru olmaz. Onu deyə bilərəm ki, hələlik mövsüm yeni bitib, komanda istirahətə buraxılıb və hansısa söhbət olmayıb. Yəqin ki, bir müddət sonra rəhbərlik məsələ ilə bağlı mövqeyini açıqlayacaq". 

Qeyd edək ki, "Füzuli" 26 turdan sonra 15 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Komandanın II Liqanı tərk edəcəyi dəqiqləşib.