"Artıq iki yoldaşlıq oyunu keçirmişik. "Sabah" və "Qarabağ-2" ilə qarşılaşdıq. Hər iki matçda futbolçulardan əsas istəyim meydanda maksimum ciddilik və əzmkarlıq nümayiş etdirmələri idi". Bu sözləri Sport24.az-a açıqlamasında "Şahdağ Qusar"ın baş məşqçi Füzuli Məmmədov deyib.
Təcrübəli mütəxəssis komandasının yeni mövsümə hazırlığını dəyərləndirib:
"Hazırlıq mərhələsində nəticədən daha çox oyunçuların işə münasibəti, verilən tapşırıqları yerinə yetirməsi və komanda şəklində hərəkət etməsi önəm daşıyır. Təbii ki, hazırda komanda hələ optimal fiziki və oyun formasında deyil. Təlim-məşq toplanışı davam edir və futbolçuların tam hazır vəziyyətə çatması üçün zamana ehtiyac var. Buna baxmayaraq, onların meydandakı istəyi, mübarizəsi və matçlara yanaşması məni sevindirdi. Oyunçuların məşqlərdə üzərində çalışdıqlarımızı meydanda tətbiq etməyə çalışması müsbət haldır. Hər iki oyunda futbolçulara müəyyən taktiki tapşırıqlar vermişdim. Məqsədim onların müxtəlif oyun vəziyyətlərində bu tapşırıqları necə yerinə yetirəcəklərini izləmək idi. Bəzi məqamlarda istədiklərimizi gördük, bəzi epizodlarda isə üzərində işləməli olduğumuz çatışmazlıqlar üzə çıxdı. Bu da hazırlıq oyunlarının əsas məqsədidir".
Qeyd edək ki, mövsümlərarası fasilədə "Karvan-Yevlax"dan ayrılan Füzuli Məmmədov "Şahdağ Qusar"ın "sükanı arxasına" keçib.