"Komandamızın yeni mövsümə hazırlıq prosesi planlı şəkildə davam edir. Hazırlığın ilk mərhələsinə Bakıda start verdik. Bu mərhələdə əsas məqsəd futbolçuların fiziki hazırlıq səviyyəsini yüksəltmək, komandadaxili uyğunlaşmanı təmin etmək və mövsümə ilkin hazırlığı formalaşdırmaq idi". Bu sözləri Sport24.az-a açıqlamasında "Şahdağ Qusar"ın baş məşqçi Füzuli Məmmədov deyib.
Təcrübəli mütəxəssis komandasının Şamaxıdakı təlim-məşq toplanışı və yeni mövsüm üçün qarşıya qoyulan hədəflər barədə danışıb.
"Gündə bir dəfə məşq etməklə yanaşı, hazırlıq prosesinin tərkib hissəsi kimi üç yoldaşlıq oyunu keçirdik. Bu qarşılaşmalar həm futbolçuların oyun praktikasını artırmaq, həm də məşq prosesində üzərində işlədiyimiz məqamları meydanda sınaqdan keçirmək baxımından faydalı oldu. Hazırlığın ikinci mərhələsi üçün Şamaxı şəhərinə yollandıq. Burada məşqlərin intensivliyini artırmışıq. Şamaxıdakı təlim-məşq toplanışımız gündə iki məşq üzərində qurulub. Bu mərhələdə əsas diqqətimiz taktiki və praktiki məsələlərə yönəlib. Komandanın meydanda düzgün yerləşməsi, oyun zamanı verilən tapşırıqların icrası, hücum və müdafiə keçidləri, standart vəziyyətlər və müxtəlif oyun ssenariləri üzərində işləyirik. Eyni zamanda futbolçuların bir-birini daha yaxşı anlaması və komanda şəklində hərəkət etməsi istiqamətində də ciddi çalışmalar aparırıq. Avqustun 24-də təlim-məşq toplanışını başa vuracağıq".
Baş məşqçi komandasının yeni mövsümə 80 faiz hazır olduğunu da vurğulayıb:
"Hazırkı mərhələdə komandanın yeni mövsümə tam hazır olduğunu demək düzgün olmaz. Düşünürəm ki, hazırda hazırlıq səviyyəmiz təxminən 70-80 faizdir. Qarşıda hələ iki həftəlik müddətimiz var və bu zaman ərzində həm fiziki, həm taktiki, həm də psixoloji baxımdan üzərimizdə işləməyə davam edəcəyik. Rəsmi oyunlar başladıqdan sonra da komandanın daha yaxşı vəziyyətə gələcəyinə inanıram. Çünki oyun praktikası artdıqca futbolçuların bir-birini daha yaxşı anlaması və məşqçinin verdiyi tapşırıqları meydanda daha dəqiq icra olunması mümkün olacaq. Yeni mövsümdə qarşıya qoyduğumuz əsas məqsəd kifayət qədər aydındır. Əsas hədəfimiz çempion olmaq və Premyer Liqaya vəsiqə qazanmaqdır. Bunun üçün bütün mövsüm ərzində sabit çıxış etməli, hər oyuna məsuliyyətlə yanaşmalı və qarşılaşmalardan maksimum nəticə ilə ayrılmalıyıq. Komandada bunun üçün kifayət qədər motivasiya var. Hazırlıq prosesini də məhz bu məqsədə uyğun qurmuşuq".
Qeyd edək ki, mövsümlərarası fasilədə "Karvan-Yevlax"dan ayrılan Füzuli Məmmədov "Şahdağ Qusar"ın "sükanı arxasına" keçib.