Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a məğlub olaraq (1:1, 1:3) Avropa Liqasına yuvarlanan “Ferentsvaroş”un qapıçısı Denes Dibuş müsahibə verib. Sport24.a xəbər verir ki, 32 yaşlı kapitan Azərbaycan çempionuna məğlubiyyətin səbəblərini izah edib.

- “Qarabağ”ın belə asan qələbəsi nədən qaynaqlandı?
- Rəqibimiz bizdən daha iradəli oynadı. Matça gərgin pressinqlə başlayan azərbaycanlılar müdafiə və yarımmüdafiə xəttimizi çaş-baş saldılar. Nəticədə müdafiədən çıxa bilmədik. Onların təzyiqi ucbatından topa sahib olmaq və hücum qurmaq üçün vaxtımız olmadı. Bizi təzyiq altında saxladılar ki, bu da səhvlərə yol verməyimizə səbəb oldu. İlk oyunda “Qarabağ”ın taktikası qismən uğurlu və təsirli görünsə də, cavab matçında daha yaxşı işlədi və nəzərəçarpacaq dərəcədə təsirli oldu.

- Rəqibin gücünü Bakıdakı ilk matçda gördünüz. Cavab qarşılaşmasına necə hazırlaşmışdınız, plan nə idi?
- “Qarabağ”ın əvvəlki görüşlərdəki kimi hücuma keçəcəyini düşünürdük. Bu üzdən daha çox əks-hücumlar üzərində məşq etdik və topu ələ keçirən kimi sürətlə irəli çıxmaq, hansı mövqelərdə qərarlaşmaq üzərində çalışdıq. Üstəlik, öncəki günlərdə diqqətimizi son zərbələrə yönəltmişdik. 1-2 real imkan yaratdıq. Bəxt bizim tərəfimizdə olsaydı, birinci hissədə hesabı bərabərləşdirə bilərdik. Amma bütövlükdə matçı nəzərə alsaq, daha yaxşı olan komanda irəlilədi.

- Oyun zamanı komanda yoldaşlarınız qorxu hiss etdiniz?
- İlk dəqiqələrdən hiss olunurdu ki, lazımi inamımız yoxdur. Artıq ilk saniyələrdən topu rəqibə atdıq. Bu cür başlanğıc mənim üçün həmişə xəbərdarlıq əlamətidir. Çünki bu, görüşə necə başlayacağımızı göstərirdi. “Qarabağ”ı dərhal təzyiq altında saxlayaraq, rəqibi müdafiədən çıxmağa qoymamalıydıq. Bu cür oyunların ilk 5-10 dəqiqəsini kritik saymaq olar. Təəssüf ki, “Qarabağ”la qarşılaşmanın hər iki hissəsinə istədiyimiz kimi başlamadıq.

- Buraxılan qolları nə ilə əlaqələndirirsiniz?
- İlk iki qolu heç nədən buraxdıq. Zəif müdafiə olunduq, hücumda passiv olduq. Planlaşdırılmamış situasiyalar yaransa da, niyə buna hazır olmadığımız təəccüblüdür. Üçüncü qolla bağlı şikayətlənəcək bir şey yoxdur. “Qarabağ” hücumu gözəl qurdu, futbolçularını saxlaya bilmədik. İki top buraxdıqdan sonra toparlanmaq çətin oldu. Uzun ötürmələrdən yararlana bilmədik. Rəqibə çoxlu boşluqlar vermək də məni narahat edirdi. 

- Əksəriyyət düşünür ki, tam gücdə deyildiniz, “Qarabağ” matça diktə etdi. Bu fikirlə razısınız?
- Düşünmürəm ki, yorğun idik və ya fitnesslə bağlı problemlərimiz var idi. Sadəcə, “Qarabağ”ın futbolçuları daha dinamik göründülər. Rəqibimiz çox yaxşı, hər kəsin nə etdiyini bildiyi sistemdə oynadı, aqressiv və intensiv hücuma keçdi.

- “Qarabağ”ın zəif görünən müdafiə xəttini yarmaq niyə sizə çətin oldu?
- Azərbaycanlıların müdafiəsini kifayət qədər təzyiq altında saxlaya bilmədik. Oyunumuzun dinamikasına və ritminə sahib olmaq üçün lazım olan dərin ötürmə imkanlarını inkişaf etdirə bilmədik. Hücumçularımızın top qəbulu və onunla davranışı “Qarabağ”ın müdafiə xəttinə əziyyət vermədi.

- Məşqçilər fasilədə sizə hansı məsləhətləri verdilər?
- Komandanı silkələməyə çalışdılar. Duelləri, ikinci topların qəbulunun vacibliyini vurğuladılar. Daha sürətli oynamağımızı istədilər, amma heç nə alınmadı. Mən isə oyuna müdaxilə edə bilmədiyim zaman gərgin oluram. Əsəbi oyun alındı. Rəqibdən böyük bir sillə yedik, bu səviyyə üçün kifayət qədər yaxşı deyildik.

- Bəs Avropa Liqasının pley-offunda “Şemrok Rovers”lə oyuna da hazır deyilsiniz?
- Topsuz oyunu inkişaf etdirməliyik, müdafiədə daha qətiyyətli olmalı, rəqibi daha çox mübarizə aparmağa məcbur etməliyik. Budəfəki rəqibimiz “Qarabağ”ın səviyyəsindən çox uzaqdır. Ancaq hazırkından daha yaxşı çıxış etsək, qalib gələ bilərik (apasport.az)