"Müqaviləm başa çatdı və klub mənimlə əməkdaşlığı davam etdirməkdə maraqlı olmadı". Bu sözləri Sport24.az-a açıqlamasında "Araz-Naxçıvan"dan ayrılan braziliyalı futbolçu Felipe Santos deyib.

 

O, son mövsümdəki çıxışını uğurlu hesab etdiyini vurğulayıb:

 

"Düşünürəm ki, yaxşı mövsüm keçirdim. Ardıcıl ikinci il statistik göstəricilər baxımından komandanın ən məhsuldar futbolçularından biri oldum. Təəssüf ki, mövsümün əvvəlində buraxılan səhvlər səbəbindən qarşıya qoyulan hədəflərə çata bilmədik. Bununla belə, fərdi performansımdan razıyam və bunu rəqəmlər də təsdiqləyir".

 

Braziliyalı yarımmüdafiəçi komandanın mövsüm ərzində qeyri-sabit çıxış etdiyini də qeyd edib:

 

"Dekabr ayına qədər işlər yaxşı gedirdi. Lakin yanvardan sonra hər şey dəyişdi. Bunun səbəbini yalnız komandanın çıxışı ilə əlaqələndirmək düzgün olmaz".

 

Santos Azərbaycan klublarından təklif almadığını da söyləyib:

 

"Təəssüf ki, heç bir təklif olmadı. Ola bilsin, son illərdə vurduğum qollar, məhsuldar ötürmələrim, qazandığım titullar və avrokuboklara vəsiqə əldə etməyimiz bəzi klubları qane etməyib. Amma bu, futbolun bir hissəsidir. Hər kəsə gələcək fəaliyyətində uğurlar arzulayıram".

 

Qeyd edək ki, Felipe Santos 2024-cü ildən Naxçıvan klubunda çıxış edirdi.