UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" komandası ilə üz-üzə gələcək "Qarabağ" cütün favoritidir. Sport24.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Ağdam təmsilçisinin sabiq futbolçusu Emin İmaməliyev deyib.
Mütəxəssis "Şkendiya"nın asan rəqib olmadığını düşünür: "Öncə II təsnifat mərhələsini keçdiyinə görə "Qarabağ"ı təbrik edirəm. Bu oyunlarda asan rəqib olmur. Çünki yarışda hər ölkənin çempionları mübarizə aparır. Buna baxmayaraq, "Qarabağ"a həmişə inamımız böyükdür. Albaniya komandaları bir qədər çətin olurlar. Daha çox müdafiəyəmeyilli oynayırlar. Lakin "Qarabağ"ın yetərincə təcrübəsi var. Diqqətli və ehtiyatlı olmaq lazımdır. İnanıram ki, bu mərhələni "Qarabağ" keçəcək. Ağdam təmsilçisinin hər iki oyunda qələbə qazanaraq mərhələ adlayacağını düşünürəm. Azərbaycan çempionu matçın favoritidir. Amma "Şkendiya" da sıradan komanda deyil, daha öncə Rumıniya klubunu keçiblər".
Qeyd edək ki, avqustun 5-də Şimali Makedoniyadakı "Todor Proeski" stadionunda baş tutacaq ilk görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçı isə saat 20:00-da başlayacaq.