"Qəbələ"nin futbolçusu Emil Səfərovun zədəsi yüngül deyil. Klubun baş meneceri Nail Kərimovun Sport24.az-a verdiyi məlumata görə, keçən turu buraxan 21 yaşlı mərkəz yarımmüdafiəçisinin yaşıl meydana qayıdışı üçün bir müddət gözləməli olacaqlar: "Adi zədə deyil. Topuğunda sümük aralanmasıdı. MRT müayinəsi də etmişik, görək proses nə qədər çəkir. Çox güman, bu tur da oynamayacaq. Durum əməliyyatlıq deyil. Ola bilsin ki, tam sağalmağı 2-3 həftə çəksin. Amma bunun daha tez olması da mümkündü".
Emilin son vaxtlar çağırıldığı millimizi AVRO-2024-ün seçmə mərhələsində bu ay qrupda son 2 matç gözləyir. Bunlar noyabrın 16-da İsveçlə ev, bundan 3 gün sonra Belçika ilə səfər oyunu olacaq. Belə gedişlə gənc futbolçu həmin görüşlərə də çağırılmayacaq.
Onu da bildirək ki, Səfərov eyni zamanda U-21 yığmamıza da cəlb olunur.
MEHMAN SÜLEYMANOV