"Elvin Cəfərquliyevin başqa kluba transferi ötən yay, qış və bu yay da müzakirə olunub və olunacaq. Əgər Elvinə təklif gələrsə, onun "Qarabağ"la daha bir il müqaviləsi olduğu üçün məsələ klubla razılaşdırılmalıdır".
Bu sözləri Sport24.az saytına açıqlamasında təcrübəli menecer Tural Əsgərov deyib.
Futbolçunun meneceri Tural Əsgərov "Qarabağ"ın yaxın vaxtlarda futbolçu satma ehtimalını dəyərləndirib:
Son vaxtlar klubda baş verən hadisələr futbolçuya münasibəti dəyişə bilər, lakin hüquqi baxımdan heç bir dəyişiklik yoxdur. Elvin bir ay əvvəl də, indi də "Qarabağ"ın futbolçusudur. Müqavilə yalnız tərəflərdən birinin şərtləri pozması halında qüvvədən düşə bilər ki, belə bir hal baş verməyib. Elvinə əvəzedici heyətlə məşq etmək tapşırılıb və o da bu tapşırığa əməl edir. Klub isə futbolçunun maaşını vaxtında ödəyir. Bəli, Elvin karyerasını xaricdə davam etdirə bilər. Məqsədimiz ötən yay da bu idi, lakin müəyyən səbəblərə görə alınmadı. Daha sonra Çempionlar Liqası oyunları başladı və o, ən azı yaya qədər "Qarabağ"da qalmaq qərarı verdi".
Qeyd edək ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov nizam-intizam qaydalarını pozduqları üçün "Qarabağ"ın əsas heyətindən uzaqlaşdırılıblar.