"Bütün Azərbaycan xalqını, "Qarabağ" azarkeşlərini təbrik edirəm". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev deyib.
Yayımçı televiziyaya açıqlama verən cinah müdafiəçisi UEFA Çempionlar Liqasında Almaniyanın "Ayntraxt" komandasına qalib gəldikləri matçla bağlı fikirlərini bölüşüb:
"Unudulmaz gecə və oyun idi. İlk olaraq matça gələn və bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm. Bu soyuqda bizi dayanmadan dəstəklədilər. Onların da əziyyəti böyükdür. Azərbaycan xalqı bu qələbəyə layiqdir. Hər şey bizim üçün yaxşı alındı. İkinci qolu buraxanda oyunda qırılma anı da ola bilərdi. Amma komanda təslim olmadı. İçimdə bir hiss var idi ki, bu qarşılaşmada geridönüş edə bilərik. Bir ümid var idi. Bunu da bacardıq. Bu oyun yaddaşlardan çıxmayacaq. Şəxsən mən həmişə xatırlayacağam. Çünki böyük ölçüdə pley-off mərhələsinə vəsiqə qazanmışıq".
Qeyd edək ki, "Qarabağ" yanvarın 28-də İngiltərədə "Liverpul"la üz-üzə gələcək.