"Hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Azarkeşlər məhz belə oyunlar izləmək istəyir". Bu sözləri Sport24.az-a açıqlamasında Elmar Baxşıyev deyib.
Təcrübəli mütəxəssis Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilən "Sabah" "Qarabağ" matçını şərh edib:
"Yekunda finala yükələn "Sabah" oldu. Təbii ki, Çempionlar Liqasında çıxış "Qarabağ"dan çox güc aldı və bu da komandanın çempionat oyunlarında hiss olundu. Durumu komandanın daxilində olanlar daha yaxşı qiymətləndirə bilər. Dünən keçirilən görüşdə verilən qırmızı vərəqə və penalti epizoduna gəlincə, ən dəqiq qiyməti müvafiq komitə verə bilər. Görünən odur ki, hakim qərarları ciddi narazılıq yaradır. "Sabah" cari mövsümdə "qızıl dubl" etməyə yaxındır".
Xatırladaq ki, "Sabah" - "Qarabağ" oyunu "bayquşlar"ın 2:1 hesablı qələbəsi ilə bitib. İlk görüşdə 2:2 hesabı qeydə alındığı üçün Bakı klubu adını finala yazdırıb. "Sabah"ın həlledici görüşdə rəqibi "Zirə" olacaq.