I Liqanın debütantı "Cəbrayıl"ın baş məşqçisi Elhad Nəziri Sport24.az-a müsahibə verib. Gənc mütəxəssis komandasının ilk oyunundan danışmaqla yanaşı, bizi maraqlandıran başqa sualları da cavablandırıb.

 

- Çempionata "Difai" üzərində qələbəylə başladız. Matçla bağlı fikirlərinizi bilmək istərdik...

- Liqadan asılı olmayaraq mövsümə qələbə ilə başlamaq xoşdur. "Difai" ilə görüşdə futbolçularımız xarakter göstərdilər. Komandamı qələbə münasibəti ilə təbrik edirəm.

 

- İstədiyiniz heyəti formalaşdıra bilmisiz?

- Demək olar, heyəti tam qurmuşuq. Rəhbərlik qarşımıza yerli və gənc oyunçulara üstünlük verməklə mübariz kollektiv formalaşdırmaq tapşırığı qoyub.

 

- Qarşınıza hansı məqsəd qoyulub?

- Başlıca məqsəd oyun planında artırmaq və I Liqada yerimizi qorumaqdı. Amma bu o demək deyil ki, yerimizdə sayacaq və qorxaq futbolla yadda qalacağıq. Xeyr,  bacardıqca daha üst pillələrdə yer almağa çalışacağıq.

 

- Çempionatla bağlı fikirləriniz...

- Fikrimcə, ötən illə müqayisədə cari mövsüm daha rəqabətli və gərgin keçəcək. Komandalar heyətlərini gücləndirib. "Qəbələ", "İmişli", MOİK, "Karvan", "Qaradağ Lökbatan" kimi komandalar çempionluq uğrunda mübarizə aparacaqlarsa, digər klublar da sürpriz etməyə çalışacaq. İlk turun necə gərgin keçdiyini gördüz. Çempionluğa iddialı üç komanda büdrədi. Demək ki, heç bir rəqibə yuxarıdan aşağı baxmaq olmaz. İkinci turda evdə "Zaqatala" ilə oynayırıq. Onların "Qəbələ"ylə səfərdə necə döyüşüb xal götürdüklərini gördük. Odur ki, bizi çətin matç gözləyir. Qısası, son 8-10 ilə nəzər yetirsək, bu mövsüm çox güclü, səviyyəli və maraqlı I Liqa görəcəyik.

 

- Cavid Hüseynovun "Cəbrayıl"da yeri görünür?

- Təbii ki. Cavid müəllim "Cəbrayıl"ı 0-dan quran və I Liqaya qədər daşımış mütəxəssisdi. Biz həmyaşıd olsaq da, məşqçi kimi formalaşmağımda onun xüsusi rolu var. "Cəbrayıl"da, onun köməkçisi işləyərkən çox inkişaf etdim. Futbolun da reallığı var və onunla barışmalısan. Hazırda Cavid müəllim "Turan Tovuz"un məşqçilər korpusunda yer alır, ona ordakı işində uğurlar arzu edirəm. Qismət olsa nə vaxtsa onunla yenidən bir yerdə işləyəcəyimə inanıram.

 

ABDULLA İSMAYILOĞLU