"Qara Qarayev çox kritik bir vaxtda "Neftçi"dən ayrıldı. Sözləşmənin xitamı yayda və ya bir qədər sonra baş versəydi futbolçunun özünə klub tapması daha rahat olacaqdı". Bu sözləri Sport24.az-a açıqlamasında menecer Tural Əsgərov deyib.

Tanınmış agent Qaranın karyerasını bitirəcəyinin real olmadığını da vurğulayıb: "Qara Qarayev yetəri qədər təcrübəli oyunçudur. Karyerasını bitirmək onun üçün tezdi. Qara ilə işləməmişəm. Ona görə də "Neftçi"dən ayrılma tarixində nələr qeyd olunduğundan xəbərsizəm. Sənəddə bugünkü tarix qeyd olunsa, "transfer pəncərəsi" bağlandığı üçün başqa komandalara keçidi alınmayacaq. Yox, ayrılma tarixi 16 sentyabra qədər göstərilibsə, özünə klub tapa bilər. Bəlkə Türkiyədə legioner həyatı yaşamaqda maraqlı oldu. Bundan başqa Qara yüksək ödənişli futbolçudur. Onun gələcək karyerasında məvacib də əsas rol oynayır. Futbolçu daha az maaşla oynamağa razıdırsa, əksər klublarımızın onun xidmətində maraqlı olacaq".

 

Qeyd edək ki, bu gün yayılan xəbərlərə əsasən "Neftçi" Qarayevlə yolları ayırıb.

ABDULLA İSMAYILOĞLU