"Oyuna nəzarət edən tərəf biz idik. Daha çox qol fürsətləri yaratmağımıza baxmayaraq eynilə "Difai" ilə oyundakı kimi epizodları dəyərləndirə bilmədik". Bu sözləri Sport24.az-a açıqlanmasında Birinci Liqanın 10-cu turu çərçivəsində "Zaqatala" ilə matçda heç-heçə edən "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli deyib.

 

Gənc mütəxəssis komandasının xal itkisi ilə üzləşdiyi qarşılaşmanı dəyərləndirib:

 

"Oyunun belə keçəcəyini gözləmirdim. Düşünürdüm ki, rəqib daha cox irəli atılar. Amma "Zaqatala" daha çox müdafiə olunmağa üstünlük verdi. Belə olduğu təqdirdə işimiz bir qədər də çətinləşir. Qələbəni haqq edirdik. Futbolçularımız yaxşı oyun göstərə bildilər. Qol buraxmağımıza səbəb isə həmin dəqiqələrdə ard-arda lazımsız top itkilərinə yol verməyimizdi. Mövsümün sonunadək stabilliyi qoruyub saxlaya bilsək, sonda çempion ola biləcəyimizi düşünürəm. Növbəti turda qələbə qazanaraq xal itkisini azarkeşlərimizə unutdurmağa çalışacağıq".

 

Qeyd edək ki, İlk dövrəni məğlubiyyətsiz və 23 xalla zirvədə başa vuran "Şəfa" ikinci dövrənin açılış oyununda "Zaqatala" ilə qarşılaşıb. Elgiz Kərəmlinin baş məşqçisi olduğu paytaxt təmsilçisi evdə xal itirib - 1:1.