"Oyunların gərgin keçməsi çempionatın son turlarına təsadüf etməsi ilə bağlıdı. Bundan əlavə, "Difai" liqadan düşməmək üçün vacib xallar qazanmağa çalışırdı və buna görə meydana bütün gücü ilə mübarizə aparırdı". Bu sözləri Sport24.az-a açıqlamasında "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli deyib.

Gənc mütəxəssis komandasının liqanın 25-ci turunda "Difai" ilə heç-heçə etdiyi oyun haqda fikirlərini bölüşüb:

"Bu da oyunun daha çətin və mübarizəli keçməsinə səbəb oldu. Stadionun bərbad vəziyyətdə olması isə komandamızın keyfiyyətli futbol sərgiləməsinə mane olurdu. Belə meydançalar istər-istəməz komandaların güc fərqinə təsir edir və oyunu daha da çətinləşdirir. Fikrimcə, bu qarşılaşmada iki xal itirdik. Son turlarda bizə bir qələbənin kifayət etməsi futbolçular üzərində əlavə təzyiq yarada bilər. Bununla yanaşı, bəxtsizlik amilini də qeyd etmək lazımdır. Çünki son iki oyunda çoxsaylı yüzfaizlik qol epizodları yaratsaq da, imkanlardan lazımınca yararlana bilmədik. Buna baxmayaraq, komandama inanıram və hesab edirəm ki, növbəti turda istədiyimizə nail ola biləcəyik". 

Qeyd edək ki, xallarının sayını 54-ə yüksəldən "Şəfa" liderliyini davam etdirir. 15 xalı olan "Difai" isə sonuncu yerdədir.