Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyun cədvəli bu gün açıqlanıb. Afişaya diqqət yetirdikdə görürük ki, 3 cütdə Premyer Liqa təmsilçiləri qonaq komandalar olsa da, matçlar onların stadionlarında keçiriləcək.
Bunlar "Lerik" - "Sumqayıt" ("Kapital Bank Arena"), "Kür-Araz - Araz-"Naxçıvan" ("Dalğa Arena") və "Şəfa" - "Səbail" ("ASCO Arena") görüşləridi.
Məsələ ilə bağlı Sport24.az-a açıqlama verən PFL-in texniki-idman direktoru Elgiz Abbasov burda Əsasnamənin tələblərinin zəruriliyinə toxunub: "Buna uyğun olaraq klublara rəsmi məlumat verdik ki, sizdə həll olunmalı stadion məsələsi var. Bilrsiniz ki, I təsnifat mərhələsində II Liqa klubları oynayır və bu zaman meydançanın vəziyyəti çox müzakirə mövzusu deyil. Çünki istənilən halda, bu liqanın təmsilçiləri qarşılaşır və onlar mövsüm ərzində eyni stadionlardan istifadə edirlər. Amma mərhələ adladıqca klub artıq standartlara cavab verən, canlı yayımın həyata keçirilməsi üçün hazır olan, mətbuat konfransı, mix-zona, medianın işləməsi üçün şəraiti olan stadion təmin eləməlidi. Bu, Premyer Liqanın Əsasnaməsinin tələbidi. Biz də həm "Lerik"ə, həm "Kür-Araz"a, həm də "Şəfa"ya mərhələ keçməsi münasibətilə təbriklərimizi çatdırandan sonra təklif elədik ki, Premyer Liqa təmsilçisini evinizdə qəbul etmək üçün Premyer Liqaya hazır stadionlar təmin etməlisiniz. Misal üçün "Kür-Araz"ın Qəbələ şəhər stadionunda, "Lerik"in "Azərsun Arena"da, "Şəfa"nın Tofiq Bəhramov adına Respublika stadionunda oynamaq kimi şansları vardı. Onlar həmin arenalarda ev sahibi olaraq rəqiblərini qəbul edə bilərdilər. Eyni zamanda onlara bildirdik ki, ya buna razı olursunuz, ya da rəqibin stadionunda meydan sahibi kimi çıxış etməyə üstülük verməlisiniz. Onlar da ikinci variantı seçdilər və rəsmi şəkildə bizə razılıq verdilər".
PFL rəsmisi həmin 3 cütdə meydan sahibinin dəyişilməyərək eyni qaldığını xatırladıb: "Yəni, istənilən halda, II Liqa təmsilçiləri meydan sahibi olacaq. Sadəcə, bunu nominal meydan sahibi kimi edəcəklər və bildiyiniz kimi, bu mərhələdə də qalib bir oyunla müəyyənləşəcək. Bizə lazım olan odur ki, mərhələ adladıqca stadionlarda şərait yaxşılaşsın. Siz jurnalistlər getdiyiniz arenada oturub işləmək üçün şəraitiniz olmalıdı - mətbuat konfransı otağı, mix-zona və s. Bu məsələlərlə bağlı II Liqa klublarına vaxt verdik, onlar da bildirdilər ki, nominal meydan sahibi olaraq səfərdə çıxış etmək istəyərlər".
Xatırladaq ki, II təsnifat mərhələsinin matçları noyabrın 28-29-30-da keçiriləcək
MEHMAN SÜLEYMANOV