"Qarabağ" Kiprdə nümayiş etdirdiyi oyunla göstərir ki, favoritdi. Amma futbol oyundan-oyuna dəyişən bir şeydi. Misal üçün "Qarabağ" son turda aşkar güclü olduğu "Keşlə"yə cəmi 1 qol vura bildi. Ola bilər ki, "Omoniya"yla qarşıdakı matçda da kiminsə bəxti gətirə, qol buraxmaya bilər. Kiminsə isə bəxti gətirməz, axmaq bir qol buraxar". Bu fikirləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın sabiq baş məşqçisi Şahin Diniyev deyib.

Komanda "Qarabağ-Azərsun" adlananda onu çalışdırmış təcrübəli mütəxəssis Kiprin "Omoniya" klubuyla Konfrans Liqasının qrup mərhələsində bu axşamkı ev matçında qələbəmizi gözləyir. Onu nikbin edən "Qarabağ" bütün matçlara həmişə məsuliyyətlə yanaşmasıdı: "İkinci bir oyun yox, daim final görüşü kimi baxır. Həm də son turda futbolçularını qoruması bunu göstərdi ki, əsas döyüşkən ruh "Omoniya"ya qarşı olacaq. "Qarabağ" ümumiyyətlə, qələbə ruhlu bir komandadı. Futbolçularının hər biri qələbəyə köklənir. Ruhları buna köklənmiş oyunçulardı. Onlar da nə qədər acdırlar qələbəyə. Həmişə qələbə qazansalar da, buna ac kimi özlərini göstərirlər. Bu, yaxşı xüsusiyyətdi. O sarıdan inanıram ki, "Qarabağ" sakit bir şəkildə keçəcək bu rəqibi".

Məlumdu ki, Qurban Qurbanovun komandasının qrupda ən yaxın izləyicisi "Bazel" bu turda səfərdə oynayaraq "Kayrat"ın qonağı olacaq. İsveçrə təmsilçisi Kiprdə olduğu kimi, Qazaxıstanda da büdrəməsi "Qarabağ"ın son turadək qrupda 1-ci yeri tutmasını rəsmiləşdirməsi demək olacaq. Təbii ki, bunun üçün təmsilçimizin özünün qələbə qazanması şərtdi. Diniyev isə hesab edir ki, favoritlərin ikisi də bu turda qalib gələcək və hazırkı 2 xal fərqi dəyişməz qalacaq: "Kurban Berdıyev bir az gec gəldi "Kayrat"a. Öz oyun üslubunu hələ ki qoya bilməmişdi. Ancaq getdikcə oyundan-oyuna bu, müsbət nəticəsini verməyə başladı. Həm də son çempion "Tobol"u Kubokda asan şəraitdə 3:0 hesabıyla udması göstərir ki, almatalılar artıq Berdıyevin istədiklərini həyata keçirmək istəyir. Sadəcə, bu təcrübəli mütəxəssisin gec gəldiyinə görə əl işlərinin görünməsi üçün bir az vaxt lazım idi. Burda "Kayrat"ın üstünlüyü var ki, evdə çıxş edir. "Bazel" isə daha başqa bir səviyyədə oynayacaq. Həm qışın, soyuğun olması, həm də meydançanın isveçrəlilərə uyğun olmaması - bu şərtlər "Kayrat"ın üstülüyünə işarə verir. Ancaq "Bazel" nəticəyə oynayan bir komandadı. Bunu da Bakıda "Qarabağ"la görüşdə gördük - istədi heç-heçə, onu da qazandı az güclə. Az əvvəl saydığım amillərə görə "Kayrat"ın da "Bazel"dən xal almağa ehtiyacı var. Ancaq şəxsi düşüncəm belədi, dediyim fərziyyələrimin sonunda söyləmək istəyirəm ki, qrupda 1-ci yerin taleyi İsveçrədəki "Bazel" - "Qarabağ" qarşılaşmasında məlum olacaq".

Həmsöhbətimizin dediyi kimi, "Qarabağ" qrupun əsas favoriti sayılan güclü rəqibiylə 2 xallıq fərqi son turadək qorusa, ona Bazeldə heç-heçə də bəs edəcək. AFFA Məşçqilər Komitəsinin üzvü olan 55 yaşlı Diniyev isə Ağdam təmsilçisinin heç vaxt heç-heçəyə oynamadığını, səfərdə daha yaxşı futbol oynadığını diqqətə çatdırıb: "Çünki "Qarabağ"ın üzərinə hücum olarsa, ikinci rolda daha gözəl oynayır, nəinki birinci. Bu da onunla bağlıdı ki, mövqe hücumlarında rəqiblər bağlanır və bu üzdən bir az çətinliklər çəkir müdafiəni qırmaq üçün. Ancaq "ikinci nömrə"də oynayarkən rəqibin müdafiəsində boşluqlar yaranır. "Qarabağ"da isə Zubir, Ozobiç, Şeydayev, Vadji, Kadji kimi fərdi oyun keyfiyyyətləri, texnika və sürət baxımından yaxşı futbolçular olduğundan daha asan yara bilərlər "Bazel"i. Hər halda, biri var ki, "oturuşmuş" arxa xətti, üç müdafiəçini keçəsən, biri də var ki, bir müdafiəçini. Bu, "Qarabağ"ın yüksək səviyyəli futbolçuları üçün böyük problem yaratmır. Bax, burda da böyük risklər yarada bilər özləri üçün "Bazel".

Xatırladaq ki, "Kayrat" - "Bazel" matçı saat 19:30-da, "Qarabağ" - "Bazel" görüşü saat 21:45-də başlayacaq.