Misli Premyer Liqasının XVIII turunun "Araz-Naxçıvan" – "Neftçi" oyunundan (0:4) sonra meydan sahibi komandanın baş məşqçisi Andrey Demçenko jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

 

– Birinci hissə bizim üçün əlverişli olmadı. Standart vəziyyətdən qollar buraxdıq. Səhvlərə yol verdik və "Neftçi" iki qol vurdu. Fasilədən sonra daha yaxşı oynadıq, fürsətlər yaratdıq.  Hücum oyunu oynamaq üçün xüsusi istək lazımdır. Futbolçularda müəyyən psixoloji vəziyyət olmalıdır ki, hücum futbolu oynayasan. Bunu futbolçularda görmədim. "Neftçi"ni təbrik edirəm, yaxşı oynayaraq 4 qol vurdular.

 

– "Araz-Naxçıvan" rəhbərliyi tələbkarlığı ilə seçilir. Qələbəsizlik oyunlar davam edərsə, mövsüm başa çatmamış komandadan ayrılmaq ehtimalınız ola bilər?


– Başa düşürəm ki, 0:4 xoşagəlməz hesabdır. Komandaya hücum futbolu oynamağı öyrətmək istəyirəm. Üç həftənin içərisində psixoloji olaraq dəyişmək də asan deyil. Zaman bunu göstərəcək. Burada qalmağım nəticədən asılıdır.

 

– Hücum bir kənara, müdafiədə də problemlər var…


– Bəli, böyük problemdir. Hücuma çıxdıq və qapımızda 90 dəqiqədə 4 qol gördük. Daim müdafiə olunmaq Avropa futbolu deyil. Müasir Avropa futbolunun tələbini yerinə yetirmək istəyirik.

 

– Ötən mövsüm komandanı avrokuboklara çıxarmış Felipe Santos, Ramon Maçado, Nuno Rodriqes əsas heyətdən kənarda qalır. Səbəb nədir?


– Mənim üçün birinci olan məşq prosesidir. Kim daha güclüdür, kim mənim fəlsəfəmi daha tez qavrayır, o da oynayır.

 

– Həmyerliniz Vernidub sizi yaxşı tanıyır. Məğlubiyyətdə bu amil nə dərəcə rol oynadı?


– Vernidubu yaxşı tanıyıram, Ukraynada işləyib. Onun işini də izləmişəm. Amma bu gün öz oyunumuzu öyrətməyə çalışmalıyıq.

 

– Sizin üçün daha önəmli məşqlərdə özünü yaxşı göstərib, matçda rəqibi keçə bilməyən Hamidu Keytadır, yoxsa meydana sonradan daxil olan və cinahda aktivlik gətirən Felipe Santos?


– Bunu oyunda görürük. Felipe Santos qeyri-standart oyunçudur. Futbol təkcə hücumdan asılı deyil, müdafiədən ibarətdir. Bütün komanda ilə həm hücumda, həm də müdafiədə olmaq lazımdır.