Misli Premyer Liqasının XXVIII turu çərçivəsində keçirilən "Araz-Naxçıvan" – "Turan Tovuz" (0:3) görüşündən sonra meydan sahiblərinin baş məşqçisi Andrey Demçenko jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb:

 

– Oyundan əvvəl mənə desəydilər ki, 3:0 uduzacağıq, mən buna inanmazdım. Birinci hissədə qol fürsətlərimiz oldu, həmçinin ikinci hissədə də şanslarımız var idi. Futbolda qızıl qayda budur ki, qol vurmasan, sənə vuracaqlar, oyun 90 dəqiqə davam edir, sona qədər diqqətli olmaq lazımdır. Bu gün bizdə bu alınmadı və uduzduq. Axıra qədər döyüşmək lazımdır.

 

– Belə başa düşdük ki, məğlubiyyətin məsuliyyəti futbolçuların üzərindədir. Bəs baş məşqçi özündə nə qədər günah görür? 

– Xeyr, heç kim demir ki, oyunçular günahkardır, ilk növbədə günah məşqçidədir. Deməli, mən qələbə üçün lazım olan keyfiyyəti tapmamışam, məsuliyyəti tam şəkildə öz üzərimə götürürəm.

 

– Məğlubiyyətlə avrokuboklara getmək ümidi tamamilə bitdi, yoxsa mübarizə davam edir? 

– Məqsədimiz var, sona qədər döyüşmək lazımdır. Hələ rəqiblərimizin də oyunları var.

 


– Siz "Araz-Naxçıvan"a gələndən demək olar ki, ancaq autsayderləri məğlub etmisiz. Bir az ciddi rəqiblərdən isə heç 1 xal da ala bilməmisiz… 

– Yəqin ki, müdafiə oyunundan hücum oyununa keçiddə çətinliyimiz var, çətinlik bununla bağlı ola bilər. Oyunçuları müasir futbola uyğunlaşdırmağa, topu saxlamağa, pressinq tətbiq etməyə çalışırıq. Kimsə daha tez, kimsə daha gec uyğunlaşır. Demək istəyirəm ki, bütün məsuliyyət mənim üzərimdədir.