Milli komandamız növbəti seçmə tsikldə start verdi. Qrupun favoritləri Portuqaliya və Serbiya, bu oyunların arasında isə yoxlama xarakterli Qətərlə görüşlərdə məğlubiyyət aldıq. Tərəzinin bir tərəfində hər matçda minimal fərqlə uduzmağımız dayansa da, digər göz daha ağır gəlir - xalsızlıq. Millimizin baş məşqçisi Canni de Byazi Sport24.az-a verdiyi geniş müsahibədə meydanda olan oyunçu sayı qədər - 22 sualımızı cavablandırdı.

 

"Albaniya ilə Portuqaliyaya qarşı matçda da eyni taktika ilə oynamışdım, cəmi 1 fərq var idi..."

- Bakı toplanışı. Maksim Medvedev bir qədər gec qoşuldu, Anatoli Nuriyev isə Bakı toplanışında ümumiyyətlə, iştirak etmədi. Elvin Camalovda da son anda aşkarlanan COVİD komandaya qoşulmağa imkan vermədi. Üstəlik, Qara Qarayev də toplanış zamanı zədələndi. Bu məqamlar hazırlığa nə dərəcədə təsir göstərdi?
- Təbii ki, bizim üçün çox vacib futbolçulardı. Onların böyük təcrübələri var. Qarayla Maksim ən çox beynəlxalq oyun keçirən klubda çıxış edirlər. O baxımdan bir az nəsə itirdik. Ancaq ən vacib olan gənc, təcrübəsi az olanları inkişaf etdirə bilməyimizdi. Yaxşı oldu ki, AFFA bu uzun müddətli təlim-məşq toplanışını təşkil etdi. Ancaq təbii ki, futbolçuların ilk növbədə mental baxımından beyinlərində dəyişiklik olmalıdı.

- Maraqlıdı, Turində baş tutan oyuna start heyətini özünüz üçün nə vaxt müəyyənləşdirdiniz?
- Hardasa 4-5 gün əvvəldən bilirdim. Toplanışdan əvvəl bilirdim ki, təxminən necə oynacağıq. Ancaq sonra Qarayev zədə aldı, vəziyyət dəyişdi, Medvedev gedişatda​ qoşuldu komandaya. Bizim üçün vacib futbolçular olduqlarından bir az dəyişikliklərə əl atdıq.​

- Millinin Portuqaliyaya qarşı hansı sxemlə oynaması geniş müzakirələrə səbəb olub. Olarmı ki, özünüz mövqelər üzrə hansı futbolçnnun harada oynamasını qeyd edəsiniz?
- Gözləməli idik​ ki, əks-hücumlara çıxaq, cinahlarda iki elə futbolçu seçdik ki, boş sahədən istifadə edərək yaxşı qaça bilsinlər. Ancaq təbii ki, meydanın mərkəzində portuqaliyalılar  qədər səviyyəli futbolçularımız yoxdu. Təəssüf ki, bu, belədi. Təbi ki, onların futbolçuları Avropanın böyük klublarında çıxış edirlər, beynəlxalq təcrübələri çoxdu, güclü texniki keyfiyyətlərə malikdirlər. Çalışıb sadə oynamalı və əks-hücumlara tez çıxmalı idik. İkinci hissədə rəqibdə boşluğu taparaq onu çətin vəziyyətə salmalı idik. Fikirləşirəm ki, kiminsə başqa ideylararı ola bilər. Düşünərlər ki, üç hücumçu ilə, açıq futbol oynaya bilərik. Ancaq hesab edirəm ki, onda evə 0:4, 0:5 hesablı məğlubiyyətlə qayıdacaqdıq. Ən yaxşısı matçın sonunadək balansı saxlamaq olduğunu fikirləşirəm. Necə ki, Turində son dəqiqəyədək bunu edə bildik. Qolu da özümüz öz qapımıza vurduq. Düşünürəm ki, FİFA-nın reytinqində 4-cü yerdə gedən, son Avropa çempionuna qarşı pis təsir bağışlamadıq. AFFA-dan da mənə dedilər ki, yaxşı oyun olub, bununla bağlı təbrik elədilər.​

- Konkretlədirim - Abbas Hüseynovla Azər Salahlının funksiyaları nədən ibarət idi? Onlar daha çox müdafiəçi idilər, yoxsa cinah, dayaq yarımmüdafiəçiləri?
- Onlar rəqibin cinah müdafiəçiləri - Joau Kanselo ilə  Nunu Mendeşin açılmalarını bağlamalı, əsas da hücuma qoşulmaların qarşısını almalı idilər. Və əlbəttə, əks-hücuma çıxmağa hazır olmalı idilər. Təbii ki, bu futbolçularımız hücumçu deyillər. Ancaq əks-hücuma qoşulmağı bacarırlar. Sözsüz ki, qapalı​ komandaya qarşı oynasaydıq, daha texnikalı futbolçular lazım idi. Ancaq Portuqaliya kimi milllərə qarşı - hansında ki çox qol buraxa bilərsən, hansında ki rəqib oyunu çox idarə edir -​ ən ağıllı variant bu idi. Bir misal gətirim - hansı ki xoşuma gəlmir - Albaniya ilə Portuqaliyada düz bu sistemdə oynayırdıq və 1:0 hesabıyla qalib gəldik. Yalnız bir fərq var - Albaniyaya qarşı bir hücumçuyla oynayırdıq, burda iki forvardla.

- Məsələ burasındadır. Şəxsən məndə belə təəssürat yaranırdı ki, Mahir Emreli - Əli Qurbani tandemindən biri meydanda artıq idi; əvəzində meydanda əlaqələndirici mərkəz yarımmüdafiəçisi çatmırdı...
- Fikrimcə, ilk hissədə cəsarət çatışmırdı ki, istədiyimiz oyunumuzu oynayaq. Baxmayaraq ki, nəticə pozitiv deyildi, görüşdən sonra futbolçularıma​ təşəkkür etdim. Çünki belə bir oyun bizə lazım idi. Başa düşməliyik ki, futbol oynamaq istəyiriksə, nəsə edə bilərik, istəmiriksə, onda heç nə edə bilməyəcəyik. İstəyirdim ki, bütün futbolçular mənə bacardıqlarını göstərsinlər. Bacarmadığını heç kəsdən tələb etmirəm. Nəyi bacarır onu eləsin.


"Həmin futbolçu "lotereya"da iştirak etməlidi, rahat-rahat oynasın"

- Qol epizoduna toxunaq. Sizcə, burda Şahrudin, yoxsa Maksim daha böyük “pay sahibi”di?
- Kimin daha çox səhvə yol verdiyini demək​ çətindi. Burda əsas məqam odu ki, Şahrudin qışqırdı "top mənimdi", ancaq Maksim bunu eşitmədi. Ola bilər Məhəmmədəliyev topu tutsaydı, başqa cür çıxarsaydı, fərqli vəziyyət yaranar, qol buraxmaya bilərdik. İstənilən oyundan sonra hamımız "professor"uq, necə oynamaq lazım olduğunu  hamımız bilirik. Matçdan sonra səhvlər ətrafında müzakirə aparanların böyük əksəriyyəti sözügedən qarşılaşmanı udarlar...ancaq oyundan sonra.

- Bir məqama da toxunaq. Oyundan sonra keçirilən mətbuat konfransında futbolçularımızın rəqibdən utandığını bildirdiniz. Bu, tərcümə qüsuru idi və “çəkinirdi” nəzərdə tutulurdu, yoxsa oyunçularımız doğrudan utancaq olub?
- Nəzərdə tutduğum söz italyan dilində eyni məna kəsb edir​ - həm çəkinmək, həm də utanmaq. Fikrimcə, futbolçular rəqibin adından qədərindən çox çəkindilər. Çalışıb bu baxımdan çox irəli getməliyik.​

- Keçək Qətərə. İlk yarıda hər şey qaydasında gedirdi. Fasilədən sonra rəqibin tempi artırıb, pressinq tətbiq edəcəyi sizin üçün gözlənilməz oldu, yoxsa futbolçulara əvvəlcədən bu yöndə tapşırıqlar vermişdiniz?
- Bu yoldaşlıq görüşü idi. Tam başqa komandaya, tam başqa strategiyayla oynadıq. İstəyirik ki, Portuqaliya ilə oynayan komanda 6 gün sonra Serbiyaya qarşı çıxış etsin. Əks təqdirdə bilirəm ki, fiziki baxımdan çox çətin olardı. Seçim budu ki, sərəncamımızda olan futbolçuların hamısı hələ vacib matçlarda start heyətdə çıxış etməyə​ hazır deyillər. İlk hissədə yaxşı oynadıq. Birinci problem odur ki, ilk hissədən sonra fiziki​ hazırlığımız çox aşağı vəziyyətə düşdü. Enerjin​ azalanda ilk hissədəki kimi tez, rahat oynaya bilmirsən. İlk qolu buraxandan sonra isə ümumiyyətlə, ruhdan düşdük. İkinci qolda isə elə bir bəxtsizliklə üzləşdik ki, bunu izah edə bilmirəm. Qətər yığmasının kapitanı Hassan al-Haydos yüz dəfə həmin zərbəni vursaydı, birində top tora düşərdi. Həmin futbolçu "lotereya"da iştirak etməlidi, rahat-rahat oynasın, çünki elə bir bəxti var. 1:2-dən sonra isə gücümüz yox idi oynamağa.

- Əsasən 2-ci heyətə güvəndiyiniz bu matçdan sonra belə bir qənaətə gəldik ki, həmin heyətin uşaqları hələ əsas simalar sırasına düşməyə layiq deyillər. Hər halda, serblərə qarsı həmin heyətdən demək olar heç kimə güvənmədiniz...
- Serbiyaya qarşı Portuqaliya​ ilə heyətlə oynamağı əvvəldən planlasdırmışdım. yalnız Anatoli Nuriyev ilk dəqiqələrdən meydana çıxmali idi. Fikrimcə, o,​ yaxşı keyfiyyətə malikdi - həm hücum baxımından, həm də müdafiə planında. İlk oyunları idi bizim komandayla, cəmi 4-5 məşq eləmişdi. Bu baxımdan razı qalmışam, həm Nuriyevdən, həm də ümumi komandanın oyunundan. Ancaq asan deyildi​ Serbiya yığmasına qarşı, çünki rəqib futbolçularının hamısı yüksək keyfiyyyətə malikdi. İlk növbədə fiziki cəhətdən​ çox güclüdürlər. Hündürboydular, orta hesala 1,87 sm. Bir sözlə, atletik cəhətdən​ çox güclüdürlər. Təbii ki, çox sürətli oynayırlar. Aleksandar Mitroviç 3 dəfə topa zərbə vurdu, 2-si qol oldu. Əsas fərq də budu. Qarşındakı​ Mitrovçdi, istənilən yerdən qapıya dəqiq​ vurur. Bizdə isə Əli​ Qurbaninin qol imkanı olur, ancaq təkbətəkdən istifadə edə bilmir. Fikrimcə, Qurbaninin qol vəziyyəti daha real idi. Onu da bildirim ki, buraxdığı hər 2 qol müdafiədə bir yox, bir neçə səhvin nəticəsində qeydə alındı.

- Serbiyanı bir dəfə burda udmuşuq, özü də 0:1-dən 2:1-ə çevirmişik. Bu dəfə hesab 1:1 olanda, həmin matç gözümün qabağına gəldi. Bundan sonra Ramil Şeydayevlə Mahir Emreli oyuna girir və hücum xəttini gücləndirdiyinizdən bir az da ümidlənirik. Az sonra Mahir zədələndi və aydın oldu ki, həmin mövqedə oynayacaq futbolçu yoxdu. Çünki nə Namiq Ələsgərov, nə Rəhim Sadıxov iştirak ərizəsinə salınmışdı. Hesab etmirsiniz ki, bu futbolçuları kənarda qoymaqla, səhvə yol vermişdiniz?
- Yox-yox. Ona əsəbiləşdim ki, futbolçum 5 dəqiqə oynayır və zədə alır. İndi də yadıma düşəndə çox hirslənirəm. Fikrimcə, çox düzgün qərar idi. Çünki son 25​ dəqiqədə​ tam gücdə olan iki yeni hücumçunu meydana buraxmaqla rəqibi çətin vəziyyətə sala bilərdik.​ Təəssüf ki, Mahirdə tez-tez olur belə uğursuzluq. O dəfə Lüksembuqra qarşı erkən qırmızı vərəqə​ aldı, bu dəfə 5 dəqiqə sonra zədələndi. Təbii ki, bu amil taktiki cəhətdən​ bütün planlarımızı "sındırır", dəyişir. Heç kim fikirləşə bilməz ki, futbolçu meydana daxil olur və bir an sonra zədələnərək sıradan​ çıxır. Sözün açığı, məntiqdən uzaq bir şeydi. Çünki bütün qərarlarımı​ matçdan əvvəl məntiqlə verirəm. Sadəcə, Toral Bayramovu sala bilərdim oyuna, ancaq həmin vaxt bu futbolçu o qədər də hazır deyildi. Hazır​ olan yalnız Elvin Cəfərquliyev​ idi. onu da meydana buraxdım. Ancaq onunla razıyam ki, bu matçda qalib gələ də bilərdik.​

 

"Namiqin yerinə olsaydım, Ronaldoya qarşı oynadığım üçün bütün bədənimi öpərdim"

- Namiq Ələsgərov mövzusu gündəmdən düşmür...
- Namiq bizim üçün çox vacib futbolçudu​. Ancaq həmin matçda serblərə qarşı oynamaq ona çətin olardı. Bunu cüssəli olmaması baxımından deyirəm. Serb futbolçular bu yöndə çox üstündürlər. Təbii ki, biri var Azərbaycan çempionatında oynamaq, biri də var​ tam başqa səviyyədə matçda çıxış etmək. Ələsgərov bəzi anlarda müəyyən rəqiblərə qarşı bizə çox faydalı ola bilər. O, "Neftçi" üçün də vacib futbolçudu, çempionat üçün də.​ ​

- Bilirsiniz, Namiq mövzusuna niyə görə toxunuram. 4-5 gün əvvəl belə bir məlumatlar yayıldı ki, Ələsgərov Portuqaliyaya qarşı oynadılmadığı üçün Qətərlə matçda həvəssiz oynayıb və buna görə onun adını serblərlə matçın iştirak ərizəsinə salmamısınız...
- Bilirəm ki, bütün dünyada, bütün ölkələrdə fantaziya çoxdu. Ancaq deyəsən, burda bütün planetin limitlərini keçirik (gülür). Əlavə vaxtı da nəzərə alsaq, 8 dəqiqə oynadı Portuqaliyaya qarşı Namiq. Onun​ yerinə olsaydım, Ronaldoya qarşı oynadığım üçün bütün bədənimi öpərdim.​ Bir daha deyirəm, Ələsgərovla aramızda heç bir inciklik, problem yoxdu. Onun keyfiyyətlərindən fərqli oyunlarda istifadə edə bilərik.

- Portuqaliyaya qarşı ilk yarını əla keçirən Vüqar Mustafayev Qətərlə oyunu buraxdıqda, belə bir fikir formalaşdı ki, onu Serbiya ilə görüş üçün qoruyursunuz. Amma balkanlarla matçda da Mustafayevə şans tanımadınız. Belə çıxır ki, “Sumqayıt”ın yarımmüdafiəçisinin Portuqaliyaya qarşı sərgilədiyi futbol sizi qane etməyib?
- Portuqaliya lə Serbiya görüşü arasında olan vaxt kəsiyində xeyli götür-qoy etdik. Belə bir qənaətə gəldik ki, serblərə qarşı matçda həmin mövqedə başqa xarakteristikalı oyunçuya ehtiyac var. Həmin tələblərə isə daha çox İsmayıl İbrahimli cavab verirdi.

- Anatoli Nuriyevi incələməyinizi xahiş edərdik. Hər halda, son toplanışda ölkə xaricində çıxış edən yeganə əcnəbi idi.
- Yaxşı keyfiyyətlərə sahibdir. Taktiki baxımdan universaldı. Müxtəlif mövqelərdə eyni səviyyədə çıxış edə bilir: istər “yalançı” hücumçu olsun, istər mərkəz yarımmüdafiəçisi. Üçlü mərkəz yarımmüdafiəçisi sistemində isə sol və sağ qolda da özünü rahat hiss edər. Həm müdafiə, həm də əks-hücumlar zamanı bizə xeyli faydası dəyə bilər. Nuriyevin həm fiziki baxımdan göstəriciləri yaxşıdı, həm də texniki cəhətdən bacarıqlıdır.

- Millətlər Liqasında güvəndiyiniz Bəhlul Mustafazadə Elvin Bədəlovdan hansı komponentlərdə geridə qaldı?
- Zədədən yeni qayıdıb. Ağır zədə idi, uzun müalicə zamanına ehtiyac duyulmuşdu. Üstəlik, COVİD-ə də yoluxmuşdu və bu da onu zəiflədib. Bu vəziyyətdə Bəhlulun ən yaxşı kondisiyalarda olmaması təbiidir.

 

"Azərbaycanda 1-2 məşq verəndə heç kim yuxudan durmaq istəmir"

- Belə bir söhbətlər dolaşır ki, futbolçular artıq yüklənməyə məruz qalıb və bu üzdən də həm Portuqaliya, həm də Serbiya ilə matçlarda yorğun olublar. Bu məqama tam aydınlıq gətirməyinizi istərdik...
- Çox istərdim sizə tərtib etdiyimiz proqramı gostərim. Məşqləri elə qurmuşduq ki, çox cüzi formada intensivliyi qaldıraq. Bunu Albaniyada da tətbiq edirdim. Mən də bir ritorik sual verim: nəyə görə Albaniyada məşqlərdən heç kim narazılıq etmirdi? Albaniyada gündə iki məşq verirdim. Burda 1-2 məşq verəndə heç kim yuxudan durmaq istəmir. Bu, güc çatmamaqla əlaqəli deyil. Düşüncələr dəyişməlidir. Burda, Azərbaycanda oynayırlar və özlərini çox komfort hiss edirlər. İrəliyə getmək istəyiriksə, süurumuzu dəyişməliyik, daha çox işləməli olduğumuzu anlamalıyıq və bunu etməliyik.

- Olubmu ki, məşqdən sonra hansısa futbolçu sizə yüklənməni azaltmaq təklifini verib?
- Bu, Millətlər Liqası matçlarından birinə hazırlıq dönəmində baş verib. Futbolçulardan biri gündə iki məşq etmələrinin onlar üçün çox çətin olduğunu demişdi. Ona görə də demək olar ki, gündə 2 məşq vermirəm. Bunu çox nadir hallarda edirəm.

- Budəfəki toplanışda necə oldu?
- Yalnız toplanışın əvvələrində 2 məşq vermişdim. Başım yerindədi və sırf oyunöcəsi heç vaxt günə 2 məşq vermərəm.

 

"Mən sentyabrdakı matçlarda 9 xala ümid edirəm"

- Mövsüm başa çatdıqdan sonra ümumi yorğunluq fonunda mayda baş tutacaq yoxlama oyunlarına futbolçuları kökləmək çətin olmayacaq?
- Dirsəklərini çeynəmək bahasına başa gəlsə də, daha 10 gün əziyyət çəkməlidirlər. Məgər neft buruqlarında çalışan fəhlələr futbolçulardan az əziyyət çəkir? Əlbəttə ki, dəfələrlə çox! Qısası, futbolçular əziyyət çəkməyə öyrəşməlidirlər.

- Bu 3 matça komandaya əsas simalar yox, daha çox yoxlamaq istədiyiniz futbolçuları çağırmağı düşünürsünüz?
- Ümumilkdə təqribən 30 futbolçunu dəvət etməyi düşünürəm. Üç matçdı, hər görüşdə bir heyətlə oynaya bilərik. Futbolçularla nələrinsə üzərində işləmək üçün daim vaxt qıtlığı ilə üzləşirik. Çünki toplanışlar zamanı rəsmi oyunlara hazırlaşırıq və eksperimentlərə əl atmaq mümkün deyil. Qrupda da reytinqdə 5-ci, sonuncu komandayıq. Tərslikdən 6-cı komanda da yoxdu ki, heç olmasa elə bir rəqiblə müəyyən rotasiyaları yoxlayardıq. Bir dünya reytinqində 58-ci yerdə gedən Qətərdi ki, onlarla matçlarda da hesabımıza xal yazılmayacaq.

- Sentyabrda isə Lüksemburq və İrlandiya səfəri, ardınca da Portuqaliyaya qarşı ev oyunu gəlir. Daha keyfiyyətli Azərbaycan görməyə ümid edirik. Bəs xal baxımından necə, “0”-dan qurtulma perspektivi necə görünür? Hər halda, səfərdə olsa da, bizə nisbətən uyğun iki rəqiblə üz-üzə gələcəyik.
- Mən 9 xala ümid edirəm. Bəli, çox çətin olacağını gözəl başa düşürəm. Yaxşı oyun göstərməyə çalışacağıq. Lüksemburq bizə tanış rəqibdir, komandamıza yetərincə başağrısı yaradıb. İrlandiya tam fərqli bir üslubda oynayan, gücünə görə qrupumuzun 3-cü komandasıdı. Bəli, səfərdə oynayırıq, bəli çətin olacaq, amma biz həmin oyundan 3 xal götürməyə çalışacağıq. Evdə Portuqaliyaya qarşı görüşdə isə Turindəki səhvləri aradan qaldırmaq və uğurlu olduğumuz məqamlardan maksimum istifadə etməklə pozitiv nəticəyə can atacağıq.

- Sizcə, toxunmadığımız hansı məsələ qaldı?
- Fikrimcə, lazım olandan da artıq məqamlara toxundunuz. Elə mən özüm də bəlkə də bir sıra suallara daha diplomatik cavab verə bilərdim. Amma istədim ki, tam səmimi olam. Belədə, iş də daha uğurlu alınır.

 

CEYHUN ƏLİYEV