CEYHUN ƏLİYEV, baş redaktor

Ötən axşam futbol üzrə milli komandamız AVRO-2024-ün seçmə mərhələsində son oyununu keçirdi. Brüsseldə baş tutan oyunda Belçika yığması "Oser faciəsi"ni yaşatmamaqla humanizm nümayiş etdirdi. İlk yarıda 4 qola imza atan meydan sahibləri fasilədən sonra cəmi 1 dəfə Şahruddin Məhəmmədəliyevin qapısının torunu silkələməklə qrupu qalib libasında başa vurdular. Bütün bunlar lirika idi. İndi isə keçək Canni de Byazinin mətbuat konfransına.

Düşünmək olardı ki, baş məşqçi acı məğlubiyyətdən sonra futbol ictimaiyyətindən üzr istəyəcək. Lakin gözlənilmədən o, millimizin rəzil gündə olmasına dair danışmaq əvəzinə Belçikanı Ferrari, komandasını isə Fiat avtomobilləri ilə müqayisə edib. Daha sonra azərbaycanlı jurnalistləri təhqir edərək "axmaq" adlandıran italyan qəzəbli şəkildə mətbuat konfransını yarımçıq tərk etmək istəyib. Ancaq əsəblərinə sahib çıxa bilməyən məşqçi əvvəlcə oturacağa ilişib və büdrəyib, ardınca isə bağlı qapıdan çıxmağa çalışıb.

Müqaviləsi başa çatan de Byazi 3 tsikldə cəmi 1 güclü rəqib üzərində qələbə ilə yadda qaldı - 4 gün əvvəl İsveç 3:0 məğlub edildi. Yeri gəlmişkən, Canni cari mövsümdə zədə səbəbindən "Neftçi"yə kömək edə bilməyən Eddi İsrafilova start heyətində şans verməsini əla formada olan Coşqun Diniyevin elə həmin İsveçlə matçda yorulması ilə əlaqələndirib. Əminəm ki, Diniyevi dindirsən düşünmədən 90 dəqiqə döyüşməyə hazır olduğunu bildirər.

Aydın məsələdir ki, millimiz qələbə üçün meydana çıxan Belçikadan xal ala bilən deyildi. Ancaq 4 dəqiqə kəsiyində qırmızı vərəqə alan İstafilov start heyəti seçimində baş məşqçinin yanıldığını isbatladı.

Bu qalmaqaldan sonra AFFA-nın baş katibi Sərxan Hacıyev de Byazinin tərbiyəsizliyinə görə Brüsselə aparılan həmkarlarımızdan üzr istəyib. Ancaq məsələ burasındadır ki, AFFA İcraiyyə Komitəsində italiyalının qalmasını istəyənlər var. Onun qalması isə idman mediasına elan etdiyi müharibəni alovlandıracaq. Premyer Liqada komanda sayının artırılması, aşağı liqalardakı nəzərəçarpacaq müsbət dəyişikliklər fonunda AFFA başbilənlərinin həlledici səhvə yol verməyəcəyinə hələ ki ümid edirik.

P.S. Psixoloqlar hesab edir ki, ağıllı adam acı həqiqəti eşidəndə ondan üz döndərmir, əksinə, bunu söyləyənin gözünün içinə dik baxır və söz verir ki, səhvdən ibrət çıxaracaq. Axmaq adam isə həqiqəti söyləyənə axmaq deyir.