"Bu oyunlara baxanda ən maraqlı qarşılaşma məncə Şotlandiya – Braziliya matçıdır. Braziliya qrup liderliyi uğrunda oynayır, amma Şotlandiyanın da növbəti mərhələyə çıxmaq şansı var". Bu sözləri Sport24.az-a açıqlamasında Ağasəlim Mircavadov bildirib.
Təcrübəli mütəxəssis bu gün dünya çempionatının 3-cü turu çərçivəsində keçiriləcək oyunlardan gözləntilərini açıqlayıb:
"Şotlandlar müdafiədə intizamlı oynasalar, braziliyalıları çətin vəziyyətə sala bilərlər. Yenə də favorit Braziliyadır. İsveçrə – Kanada görüşü B qrupunun birincisini müəyyən edə bilər. Hər iki komandanın 4 xalı var, lakin Kanada top fərqinə görə üstün vəziyyətdədir. Bu səbəbdən Kanadanı bir qədər üstün görürəm, amma heç-heçə də real nəticədir.
Mərakeş – Haiti oyununda favorit Mərakeşdir. Haiti artıq qrupdan çıxmaq şansını itirib, Mərakeş isə qələbə ilə pley-offa vəsiqəni böyük ölçüdə təmin edə bilər. Çexiya – Meksika qarşılaşmasında Meksika daha rahatdır, çünki qrup liderliyini artıq təmin edib. Çexiya isə risk etməyə məcburdur. Bu səbəbdən açıq futbol görə bilərik. Cənubi Afrika Respublikası – Cənubi Koreya matçı isə tam taktiki savaş təsiri bağışlayır. Koreya yığmasına heç-heçə də sərf edir, Cənubi Afrika isə yalnız qələbəni düşünəcək. Bu amil oyunun gedişatında vacib rol oynaya bilər".
Qeyd edək ki, bu günə 6 qarşılaşma nəzərdə tutulub. Saat 23:00-da İsveçrə Kanada ilə oynayacaq. Eyni saatda Bosniya və Herseqovina Qətər yığması ilə qarşılaşacaq. Gecə saat 02:00-da Şotlandiya – Braziliya və Mərakeş – Haiti oyunları start götürəcək. Saat 05:00-da Çexiya – Meksika və Cənubi Afrika Respublikası – Cənubi Koreya matçları başlayacaq.