Misli Premyer Liqasının XIV turunun "Sabah" – "Neftçi" oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

 

– Futbolçularım möhtəşəm çıxış etdilər. Bir məşqçi kimi hələ də inkişaf etdirmək istədiklərim var. Bugünkü davranış, yanaşma çox xoşuma gəldi. Heç bir oyunçu topdan gizlənmədi. Bu cür oynayan "Sabah"ı həmişə görmək istəyirik. Azarkeşlər üçün də çox maraqlı oyun oldu. Bu gün önəmli açar ilk dəqiqələrdən təşəbbüsü ələ almaq istəyi idi. "Neftçi" fərqli düzülüşdə idi, gözləmədiyimiz dəyişikliklər etmişdi. Fasilədən sonra da daha yaxşı tərəf biz idik. "Neftçi"nin oynamasına imkan vermirdik. Məni narahat edən məsələ epizodların qaçırılması idi. Qol fürsətlərimizdən yararlana bilmirik. Qapı önündə həlledici fürsətlər yaradırıq, amma son ötürmə, son zərbə olmadı. Hər iki hissədə çoxlu qol fürsətlərini boşa verdik. Futbolda hər şeyi əldə etmək mümkün deyil. Artırmalıyıq. Düzəltməli olduğumuz şeyləri həll etməliyik. Qarşıda ağır iki oyun var.

 

– Qarşıda "Turan Tovuz", "Qarabağ" və "Sumqayıt"la oyunlar var. Qələbələr fasiləyə sizi lider kimi aparacaq. Belə bir fikir var?


– Dəfələrlə bu tip suallara cavab vermişəm. Bir-iki ay sonra nələr baş verəcəyini demək çətindir. Bizimçün önəmli olan bərpa məşqini keçmək, istirahət etmək və növbəti matça hazırlaşmaqdır. Həqiqətən, yanvara qədər nələr olacağını deyə bilmərəm.

 

– Aleksey İsayevin zədəsi nə dərəcə ciddidir?


– Əvvəlki zədəsi ilə bağlı olduğunu düşünmürəm. Hələ necə olduğunu bilmirəm. Tibb heyəti ilə danışmalıyam. Ümid edirəm ki, ciddi bir şey olmaz. Aleksey meydanda öz keyfiyyətini göstərir. Bizim üçün vacib oyunçudur.