UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçında səfərdə Ukraynanın "Dinamo" (Kiyev) komandasına 0:1 hesabı ilə məğlub olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə görüş haqqında ümumi təəssüratlarını bölüşdü:
"Çox danışılacaq bir şey yoxdur. Bu, ilk oyundur və təbii ki, cavab matçına hazırlaşmalıyıq. Qarşımızda çox yaxşı müdafiə olunan və sürətlə əks-hücumlara çıxan bir kollektiv var idi. Bir az sürəti və dinamikanı qaldırmaq lazım gəlirdi. Bəlkə də isti hava şəraiti buna tam imkan vermədi, ona görə də futbolçuların üzərinə çox getmək istəmədim. Bakıya gedəndən sonra oyunu tam analiz edib, 5–6 günlük vaxtımızdan səmərəli istifadə edərək cavab görüşünə hazırlaşacağıq".
Ağdam klubunun çalışdırıcısı daha sonra media nümayəndələrinin suallarına keçdi:
— Azərbaycanda yerli futbolçuların azlığı və uşaq futbolunda infrastruktur problemləri ilə bağlı nə deyə bilərsiniz?
— Legioner limitinin ləğvi ilə bağlı Azərbaycan futbolunda müəyyən bir proqram və layihə icra olunur. Bunun özünü nə dərəcədə doğruldacağını görmək üçün bir az vaxt lazımdır. Ümumilikdə klublarımız Avropa turnirlərində heç də pis çıxış etmir, bir xeyli qələbələrimiz var, amma hazırda bu geniş və uzun mövzuya ətraflı cavab verə bilməyəcəyəm.
— Sizcə, bu gün "Qarabağ"ın məğlubiyyətinin əsas səbəbi nə oldu?
— Sadə, kiçik bir texniki səhv etdik və nəticədə qol buraxdıq. Komanda müdafiədə pis təsir bağışlamadı, yalnız hücum xəttində bir qədər aqressivlik və aktivlik çatmadı.
— Abdullah Zubir bu gün yaxşı formada görünmürdü. Onu heyətə təcrübəsinə görə daxil etmişdiniz, yoxsa fiziki və psixoloji baxımdan tam hazır idi?
— Düşündüyüm ilk "11-lik"də Zubirə ehtiyac var idi. Bir neçə hücumumuzu məhz onun vasitəsilə qurmaq istəyirdik. Bir-iki epizod alındı, amma tam istədiyimiz kimi olmadı. Hər bir halda, heyəti onunla planlaşdırmışdıq, başqa xüsusi bir səbəb yoxdur.
Mətbuat konfransının sonunda Qurban Qurbanov tribunalardakı azarkeşlərə minnətdarlığını bildirib:
"Həm Azərbaycandan, həm də Ukraynadan gələn azarkeşlərə təşəkkür edirəm ki, belə uzaq məsafəyə gələrək komandaları dəstəklədilər. Hər iki tərəfə minnətdaram".