"Qalatasaray" "Milan"ın cinah hücumçusu Rafael Leaonun transferi üçün danışıqları davam etdirir. Sport24.az xəbər verir ki, "Trtspor"un məlumatına görə, İstanbul təmsilçisi portuqaliyalı futbolçunu heyətinə qatmaq üçün İtaliya klubu ilə görüşləri intensivləşdirib.
Bildirilir ki, "Milan" əvvəlcə icarə təklifinə razılıq verməyib və futbolçu üçün 50 milyon avro tələb edib. Bundan sonra "Qalatasaray" transfer hüququnun alınması ilə bağlı rəsmi təklifini təqdim edib.
Bununla yanaşı, futbolçunun illik 11-12 milyon avro maaş istədiyi, "Qalatasaray" rəhbərliyinin isə bu məbləğlə razılaşdığı qeyd olunur. Məlumata görə, İstanbul təmsilçisi futbolçu ilə əsas məsələlər üzrə razılıq əldə edib və hazırda transferin yekunlaşması üçün "Milan"la son detalların müzakirəsi aparılır.