"Qrupda yer alanlar arasında zəif komanda yoxdu. İstisna kimi yalnız Cəbəllütariqi qeyd etmək olar ki, onları da məğlub etməliyik. Digərləri ilə isə mübarizə aparmaq olar". Bu sözləri Sport24.az-a açıqlamasında Ceyhun Sultanov U-21-in Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri haqda danışarkən bildirib.

 

Veteran futbolçu hazırda baş məşqçisiz qalan ümid yığmasının yer aldığı B qrupunu dəyərləndirib:

"İnkişaf proqramına uyğun hərəkət etmək lazımdı. Birdən-birə nəyisə dəyişmək mümkün deyil. Yenə də deyirəm, qrupda Cəbəllütariqə qalib gəlməliyik, digərlərindən xal və ya xallar almalıyıq. Alınmasa da, neyləmək olar, "bacardığımız budur" deyib, gələcəyə ümid bəsləməliyik".

 

Qeyd edək ki, 2025-ci ilin martında başlayacaq seçmə mərhələ 2026-cı ilin oktyabrına qədər davam edəcək. Avropa çempionatının final mərhələsi 2027-ci ildə Serbiya və Albaniyada təşkil olunacaq.