Dünən "ASCO Arena"da I Liqada pley-offun ilk matçı keçirildi. "Cəbrayıl" - "Araz Saatlı" oyununda sevinən tərəf meydan sahibləri oldular. Cavid Hüseynovun komandası 2 cavabsız qolla qalib gəlməklə I Liqaya yüksəlmək yönündə önəmli addım atdı. Qarşılaşmadan sonra "Cəbrayıl"ın baş məşqçisi Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb.
- Nəticədən və oyundan razı qaldız?
- Açığı, sərgilədiyimiz oyundan razı qalmadım. Komanda istədiyim oyunu meydanda tam sərgiləyə bilmir. Faizlə götürsək oyun planında istədiyimin 30 faizini görürəm. Çatışmazlıqlar çoxdu. Amma nəticədən razı qaldım, vacib qələbə qazandıq.
- Bu gün bəxt də sizin tərəfinizdə oldu...
- Rəqib kifayət qədər güclü komandadı. Onların heyətində keyfiyyətli yerli və legioner futbolçular var. Bəxt amili futbolda həmişə rol oynayır. Düşünürəm ki, Saatlı təmsilçisinin bu gün yetərincə qol şansları oldu. Sadəcə, qapı tiri iki dəfə bizi xilas etdi. İstənilən halda güclü rəqiblə oynayıb, qalib gəldik. Əlbəttə ki, hələ heç nə bitməyib. Bir həftə sonra bizi rəqib meydanında olduqca çətin cavab matçı gözləyir.
- Siz həmişə təcrübəli oyunçuların xidmətində maraqlı olmusuz. I Liqaya yüksələcəyiniz halda yenə bu xətti davam etdirəcəksiz?
- Hər zaman demişəm və yenə təkrarlayıram: istər meydanda, istər paltardəyişmə otağında, istərsə də meydandan kənarda hər zaman təcrübəli, nüfuzlu futbolçuya ehtiyac var. Bu gün heyətimizdə Ruslan Əmircanov, Elvin Məmmədov kimi təcrübəli oyunçuların olması bizim üçün çox əhəmiyyətlidi. Baxın, Ruslanın 39 yaşı olmasına baxmayaraq, bu gün 90 dəqiqədə işinin öhtəsindən gəldi. Bir qolun da ötürməsini verdi. Oyuna sonradan qoşulan Elvin də qələbəmizdə pay sahibi oldu. Təbii ki, onların xidmətindən I Liqadada yararlanmaq istəyərdim. Amma hər şey məndən asılı deyil. Futbolçuların istəyini də nəzərə almaq lazımdı.
- 3 il əvvəl yaranan "Cəbrayıl"ın qısa vaxtda bura qədər gəlib çıxacağınızı gözləyirdiz?
- Doğma Cəbrayılımızn komandasını yaradarkən qarşıma böyük hədəflər qoymuşdum. Məqsədim günbəgün peşəkarlaşmaq idi. Bu gün xoşbəxtəm ki, sıfırdan klub yaratdım və ilk ilimizdə Region Liqasında çempion olduq. Ardınca növbəti mövsüm maliyyə sıxıntılarına görə yüksək yerləri tuta bilmədik. Sonra "Şamaxı"ya keçdim. Şükürlər olsun, hər şey qaydasındadı, bəlli istiqamətdə irəliləyirik. Hələ heç nəyə nail olmamışıq. Ömür vəfa etsə, "Cəbrayıl"ı zirvələrə daşımaq istəyirəm.
- Elitada "Şamaxı"nın baş məşqçisi olduz. Amma komanda I Liqaya yuvarlandı. Bir müddət "Cəbrayıl"dan uzaq düşməyinizə görə peşman deyilsiz?
- Xeyr, peşman deyiləm. "Cəbrayıl"ın baş məşqçisi kimi düşərgədən ayrıldım. Klub prezidenti kimi isə işimə davam edirdim. "Şamaxı"ya getməyib burda qalıb komandanı çempion etsəm belə yenə peşəkar liqada çıxış etmək şansımız yox idi. Çünki həmin vaxt reqlament fərqli idi.
- Artıq I Liqanın bir addımlığındasız. Uğur qazansaz, sponsor məsələsini necə həll edəcəksiz? Cəbrayıl İcra Hakimiyyətinə, iş adamlarına müraciət etmisiz?
- Müasir futbolda maliyyə önəmli faktordu. Yaranan gündən maliyə sıxıntımız olub. Bu gün də eyni vəziyyətdəyik. Buna rəğmən əlimizdən gələni edirik ki, ayaqda qalaq. Əlbəttə ki, rayonun icra hakimiyyəti, deputatları və imkanlı iş adamlarıyla danışıqlar aparırıq. Ümid edirəm ki, gələcəkdə bu sahədə bəxt üzümüzüə güləcək. Amma gəlin, hələlik I Liqadan çox danışmayaq. Çünki qarşıda bizi cavab qarşılaşması gözləyir.
- Necə düşünürsüz, I Liqa təmsilçilərinə AFFA tərəfinfən ayrılan maddi yardımın miqdarı artırılmalıdı, yoxsa indi verilən vəsait bəs edir?
- Birmənalı şəkildə artırılmalıdı. Bildiyimə görə, bu məsələ ciddi müzakirə predemtidi və artımın olacağı gözlənilir. Futbol saniyəbəsaniyə inkişaf edir. Odur ki, bu günün futbol xərclərini nəzərə alsaq, normal komanda formalaşdırmaq üçün 300 min manat kifayət etmir.
ABDULLA İSMAYILOĞLU