"Qaydalar bir daha yeniləndi. Dedilər ki, iştirak ərizəsində maksimum 18 futbolçu saxlaya bilərsiniz. Biz də məcburiyyətdən sayda yenə ixtisar elədik". Bu fikirləri Sport24.az-a açıqlamasında "Cəbrayıl"ın baş məşqçisi və prezidenti Cavid Hüseynov söyləyib.

Azərbaycanda keçiriləcək UEFA Region Kubokunun ilkin mərəhələnin II qrupunda Belarus təmsilçisi “Kolos"a rəqib olan Region Liqamızın qalibi ciddi sınaq ərəfəsindədi. Hüseynov hər şeyin yaxşı olacağınz ümid etdiyini vurğulayıb: "İki zədəlimiz var. Onlar "18-lik"də olanlardı. Bir gün istirahət verdik onlara. Məşqdə zədələndilər. Onlardan "Xan Lənkəran"dan cəlb etdiyimiz hücumçu Zaur Nuruzadənin dizi ağrıyır. Lənkəran təmsilçisi ilə yanaşı, Region Liqasında çıxış etmiş "Ağsu Siti", Cəlilabad "Ümid"i və Bakı "Mübariz"indən futbolçuları heyətimizə qatmışıq. Onlar heç biri peşəkar futbolçu olmayıb, hamısı həvəskar səviyyədə çıxş edib. UEFA-nın da əsas tələbi budu". 

Həmsöhbətimiz rəqib haqda məlumat toplamaqda çətinlik çəkdiklərini gizlətmir: "Bütün mümkün mənbələrdə axtarmışıq. 7-8 ay əvvəlin oyunlarıdı. Bizə də yeni oyunlar lazımdı. Özü də dəqiqələr azdı, bütov oyun yoxdu ki, yaxşı şəkildə analiz edək. Çətinliyimiz var, amma çalışacağıq ki, bu, bizə mane olmasın".

Məlumdu ki, "Cəbrayıl" belaruslularla hər 2 oyunu Şamaxıda keçirəcək. AFFA-nın dəstəyi sayəsində iki həftədi burda təlim-məşq toplanışında olduqlarını diqqətimizə çatdıran Hüseynov Azərbaycanı layiqincə təmsil etməyi əsas düşünür: "Əlbəttə,  bizə əsas sıxıntı yaradan bu qısa zamanda futbolçu toplamağımız oldu. Əslində, daha geniş heyət tərtib olunmalı idi. Çünki bu, elə-belə oyun deyil, beynəlxalq qarşılaşmadı. Çempion olan komandamızdan cəmi 4 nəfəri saxlamışıq məcbur olaraq. Bir də əsas problemimiz müdafiəyəmeylli oyunçularımızın az olmasıdı. Dörd müdafiəçimiz vardı, biri də getdi, qaldı üçü - başqası yoxdu. Gərək onu kiminləsə əvəzləyək. Qapıçılarımız da qalmadı, yeni gətirmişik".

Xatırladaq ki, "Cəbrayıl"la "Kolos" Şamaxı şəhər stadionunda iyunun 24-də və 26-da görüşəcək. UEFA-nın yeni qaydalarına görə artıq səfər qolu yoxdu və qalib iki matçın yekun nəticəsinə əsasən müəyyənləşəcək. İlkin mərhələnin I qrupunda isə Gürcüstanın “Basiani”, Qazaxıstanın “Kaskelen” və Estoniyanın “Tallinna Zapoos” komandaları Bakıda "ASK Arena"da mübarizə aparacaq. Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda yarışacaq ki, iyunun 29-dakı həmin görüş də Şamaxıda baş tutacaq. Yəni, "Cəbrayıl" belarusluları keçsə, sonadək orda oynayacaq. 

 

 

MEHMAN SÜLEYMANOV