"Neftçi"nin yay transferləri arasında ən böyük ümidlər bəslənilən Sabir Buqrin qış fasiləsindən sonra inamlı çıxışıyla diqqət çəkir. Mərakeş əsilli 25 yaşlı belçikalı yarımmüdafiəçi komandasının liderliyi ələ keçirməsində əsas pay sahiblərindən biridi. "Ağ-qaralar" Buqrinsiz son turda çətin qələbə qazandı ki, "Qəbələ"ylə "Bakcell Arena"dakı həmin görüşdə Sabirin yeri aşkar görünürdü. Zədə problemi olan "Neftçi"nin legioneri Sport24.az-a müsahibəsində hazırkı durumuna və digər məqamlara aydınlıq gətirib.  

- “Neftçi”ylə müqavilə imzalandıqda sənə boyuk ümidlər bəslənilirdi. Amma qış fasiləsinədək bu potensialına şahidlik etmədik. Lakin mövsümün ikinci hissəsində tam fərqli bir Buqrin izləyirik. Köklü dəyişikliyin səbəbini nədə görürsən?
- Düşünürəm ki, çox vaxt ölkəni dəyişmək və buna öyrəşmək asan deyil. Ancaq rəqabətə çox tez bir zamanda uyğunlaşa bildim. İkincisi də, baş məşqçimiz Samir Abasovun mənim oyun üslubumdakı dəyişiklikləri kömək etdi. Bu, mənə həm əlavə stimul, həm də inam verdi.

- “Qarabağ”la matçın böyük hissəsini azlıqda keçirdiniz. Buna rəğmən, qalib gəldiniz. Belə çətin şəraitdə qələbə qazanmaq ilk növbədə nəyin göstəricisidir?
- Sadəcə, bu oyundakı təffəkkürümüz (zehniyyətimiz). Biz bunu bacardıqca çox şey edə biləcəyimizi düşünürəm.

- Ağdam təmsilçisini məğlub etməklə liderliyi qaytardınız. Bu, çempionluq yolunda nə dərəcədə əhəmiyyətli bir görüş idi?
- Bu mövsüm bizim üçün bütün görüşlər çətin və əhəmiyyətlidir. Bu baxımdan hansısa matçda əldə olunan qələbəni xüsusi olaraq qabartmaq istəməzdim. İndi növbəti oyunları düşünməliyik, arxaya isə sonradan da boylanmaq olar.

- “Düdelanj”ın heyətində “Qarabağ”a qarşı həm oynamışdın, həm də Bakıda 1:1 nəticələnən qarşılaşmada Lüksemburq təmsilçisinin qolunun da müəllifi olmuşdun. Belə bir fikirlər var ki, indi “Qarabağ” həminki “Qarabağ” deyil. Bu baxımdan sənin müqayisən lap yerinə düşər...
- Daha yaxşı və ya daha pis deyil – sadəcə, eynisi deyil, fərqlidir.

- “Qəbələ”yə qarşı görüşdə yoxluğun aşkar hiss olunurdu. Əsas heyətin 4 futbolçusu da kart səbəbindən meydana çıxa bilməyəcəyi bir matç öncəsi sənin də zədələnməyin komandanızı cətin vəziyyətdə qoydu. Aldığın zədə barədə məlumat verərdin və sağalma müddətin çoxmu çəkəcək?
- Məşq zamanı əzələmdə dartılma var idi. Bu səbəbdən həkimlər “Qəbələ” ilə görüşdə oynamağımı riskli hesab elədilər. Komanda ilə məşqlərə başlamışam. Ancaq növbəti qarşılaşmada oynayıb-oynamayacağımı  bilmirəm.

- “Qırmızı-qaralar”a qarşı oyunu kənardan izləmək hisslərini bölüşərdin.
- Yaxşı hisslər keçirdim. Çünki qələbə qazandıq. Əsas vacib olan bu idi. Fərq etmir, böyük hesabla qalib gəldin, yoxsa son dəqiqə qolu ilə. Əsas odur ki, biz istədiyimiz 3 xalı qazandıq.

- Qarşıda komandanızı “Zirə”ylə 17-ci tur matçı gözləyir. Həmin “Zirə”ylə ki, cari mövsümdə çempionat və Kubok çərçivəsində üz-üzə gəldiyiniz 4 matçın heç birində rəqib qapısına yol tapa bilməmisiniz. Bu faktor sizə əlavə psixoloji təzyiq göstərmir? Ümumiyyətlə, qarşıdakı matçdan gözləntilərin nədi?
- Biz “Zirə” ilə oyunlarda həmişə daha dominant futbol oynayırıq, lakin qol vura bilmirik. Düşünürəm ki, bu, bizə təzyiq yox, əksinə, əlavə motivasiya verəcək.

 

 

CEYHUN ƏLİYEV